İctimai fəal Əhməd Məmmədli saxlanılıb

İctimai fəal Əhməd Məmmədli saxlanılıb foto: sosial media
7 May 2025
Mətni dəyiş

Azərbaycanda son 24 saat ərzində 2 ictimai-siyasi fəal müxtəlif ittihamlarla həbs edilib

Mayın 6-da siyasi fəal Əhməd Məmmədli saxlanılıb. 

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, Əhməd Məmmədli Biləcəridə bıçaqlanma ilə nəticələnən mübahisəyə görə saxlanılıb. 

DİN-in məlumatında qeyd edilib ki, mayın 6-sı axşam saatlarında Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində Vüqar Dünyamalıyevə qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

“Hadisəni törədən şəxsin Cəlilabad rayonunda anadan olmuş Əhməd Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladılaraq istintaq aparılır”, - DİN-in məlumatında deyilib.

İctimai fəalın yaxınları isə bildirib ki, Əhməd Məmmədli evinə gedən zaman hücuma məruz qalıb. 

“İndi onun kiməsə ağır xəsarət yetirdiyi  iddia olunur. Əhməd Məmmədli deyir ki, bu qurama işdir və onun özünü döyüblər. Vəziyyəti ağırdır", - fəalın yaxınları qeyd edib. 

Azərbaycanda müxalifətçilərin kiməsə xəsarət yetirməsilə bağlı ittihamlar geniş yayılıb. Son 1 ildə bu ittihamla İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kənan Zeynalov və digər bir çox ictimai-siyasi fəallar da bu ittihamla həbs olunublar. Həbs olunanların özləri və yaxınları isə ittihamların qondarma olduğunu bildirirlər. 

Hüquq müdafiəçiləri bu şəxsləri siyasi məhbus kimi tanıyıblar. 

Bundan başqa mayın 6-da AXCP sədrinin daha bir mühafizəçisi Kənan İsmayıl da həbs olunub. O, inzibati xətada ittiham olunaraq 30 günlük azadlıqdan məhrum edilib. 

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda onlarla jurnalist, ictimai-siyasi fəal daha sistemli və intensiv şəkildə həbs edilməyə başlayıb. Onların heç biri ittihamlarla razılaşmır, siyasi sifarişlə həbs edildiklərini deyirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 360-dək siyasi məhbus var.

Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun