Jurnalist Ülviyyə Əli "Meydan TV işi" üzrə saxlanılıb

Jurnalist Ülviyyə Əli "Meydan TV işi" üzrə saxlanılıb Foto: Fərqanə Novruzova
7 May 2025
Mətni dəyiş

Azərbaycanda jurnalistlərə qarşı siyasi repressiyalar davam edir

Mayın 7-də müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) "Meydan TV işi" üzrə saxlanılıb. 

"Abzas Media"ya bu barədə məlumatı onun yaxınları yayıb. Bildirilib ki, polislər jurnalisti zorakılığa məruz qoyublar. Daha sonra, jurnalistin yaşadığı evdə axtarış aparılıb. 

Yaxınları deyir ki, polislər axtarış zamanı evi tamamilə dağıdıblar. Evdən jurnalistin hansı əşyalarının götürüldüyü bilinmir. 

Azərbaycanda jurnalistlərə qarşı ağır repressiyaların fonunda Ülviyyə Əli də həbs olunmaq təhlükəsi olan müstəqil jurnalistlərdən idi. Buna görə də o, ictimaiyətə müraciət hazırlayıb və həbs olunacağı təqdirdə dərc olunmasını xahiş edib. 

Ülviyyə Əli müraciətində qeyd edir ki, o, jurnalist fəaliyyətinə görə həbs olunub. 

"Əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Qeyd edim ki, digər jurnalist yoldaşlarım kimi mən də heç bir cinayət törətməmişəm - nə ölkəyə onların adlandırdığı “qanunsuz maliyyə” gətirmişəm, nə də başqa əməl törətmişəm. Həmçinin, “Meydan TV” ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, “Meydan TV” ilə əməkdaşlıq cinayət deyil. Onu da qeyd edim ki, uzun müddət “Amerikanın Səsi” ilə əməkdaşlıq etmişəm.

Hamınıza məlumdur ki, Azərbaycan dövlətinin müstəqil mediaya qarşı heç bir dözümü qalmayıb. Bu dözümsüzlük nəticəsində artıq 20-dən çox jurnalist həbsdədir və mən də onlardan biri oldum. 2016-cı ildən bu yana göstərdiyim fəaliyyət nəticəsində hər zaman peşə etikasına sadiq qalmağa çalışmışam və dini, etnik, siyasi kimliyindən, gender və oriyentasiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq haqsızlığa məruz qalan hər kəsin problemlərini işıqlandırmaq üçün əlimdən gələni etmişəm. İndi də həbsdəki yoldaşlarım kimi bu fəaliyyətimi davam etdirəcəm".

Jurnalist qeyd edib ki, ölkədəki siyasi repressiyalar heç bir effekt verməyəcək. 

"Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz. Jurnalistika cinayət deyil! Cinayətimiz - əqidəmizdir!"

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə həbs edildiklərini deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 360-dək siyasi məhbus var.

Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun