Hazırda yenilənmədə olan siyasi məhbus siyahısında 365 nəfərin adı var
Mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının gözlənilən əfv sərəncamı ilə bağlı sonuncu iclası keçirilib.
İclasda 100-dən artıq müraciətə, ümumilikdə isə 7 iclasda 800-dən çox müraciətə baxılıb. Bununla da bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilən müraciətlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək.
Hüquq müdafiəçilərinin hesabatlarına görə, ölkədə 360-dan çox siyasi məhbus var.
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus “Abzas Media”ya deyib ki, əfv sərəncamı ilə siyasi məhbus problemi həll olunmayacaq.
Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbusların sayı artmaqda davam edir:
"Fevralın 12-də siyahımızda 357 nəfərin adı var idi, indi artıq 365 nəfər var və bu tendensiya davam edəcək. 2-3 nəfəri buraxırlar, əvəzinə 5-10 nəfəri həbs edirlər. Ona görə də siyasi məhbusların sayı azalmır, əksinə çoxalır. Yəni, əfvdən heç vaxt ciddi heçnə gözləmirdik və indi də gözləmirik".
Leyla Yunus deyir ki, problemin əsaslı həlli üçün siyası məhbusların hamısı azadlığa buraxmalıdır.
"Siyasi sifarişli məhkəmələrə son qoymaq lazımdır, ölkəmizdə qanun şah olmalıdır", - hüquq müdafiəçisi əlavə edib.
Sayca 71-ci əfv sərəncamının ənənəvi olaraq 28 may Müstəqillik Günü ərəfəsində imzalanması gözlənilir. Bundan əvvəlki əfv sərəncamında siyasi məhbus siyahısında olan şəxslərin heç biri azadlığa buraxılmayıb.