“Məclis info işi” üzrə hazırlıq məhkəməsi keçirilib

“Məclis info işi” üzrə hazırlıq məhkəməsi keçirilib Foto: sosial media
27 May 2025
Mətni dəyiş

Mayın 27-də “Məclis info işi” üzrə həbs olunan İmran Əliyev və polis nəzarətinə verilən Elgiz Qəhrəmanın hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə İmran Əliyevin vəkili Rəsul Cəfərov onun məhkəmə zalında əyləşməsiylə bağlı vəsatət verib. Vəsatət təmin olunub.

Bundan sonra Rəsul Cəfərov ittiham aktının pdf variantının istintaq orqanından alınaraq müdafiə tərəfinə verilməsi, cinayət işinə xitam verilməsi və İmran Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunması barədə vəsatətlər verib.

Hakim bu vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

İmran Əliyev ötən il aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.

O, ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı da 8 maddə ilə yeni ittiham irəli sürülüb.

İctimai fəal Elgiz Qəhrəman isə “Məclis info işi” üzrə təqsirləndirilən şəxs qismində bu ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı onun barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçib.

Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən 8 ağır maddə ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri cinayət işinin siyasi sifariş əsasında açıldığını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun