Məhkəmə növbəti dəfə siyasətçi Azər Qasımlını həbsdə saxlayıb.
“Abzas Media”nın məlumatına görə, mayın 21-də Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb. Yasamal rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib.
Azər Qasımlı Azərbaycan prezidenti İlham Əliyevin əsas tənqidçilərindəndir. O, Siyasi Menecment İnstitutunun direktorudur.
Siyasətçi ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Bu il aprelin 3-də həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib. O, bundan əvvəl 2018-də kütləvi aksiyaya liderlik etdikdən sonra 30 gün müddətinə həbs edilmişdi.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ilin ikinci kütləvi repressiyası başlayıb. Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 365-dən çox siyasi məhbus var.
Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildiriblər.