Məhəmməd Kekalov “səmimi etiraf” kimi təqdim edilən ifadəsinin tamamilə saxtalaşdırıldığını bildirib
Mayın 6-da “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən icasda 2 şahid dindirilib və daha sonra sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan edilib.
Şahid kimi dindirilən İsmayıl Tağıyev və Leyla Ağayeva sərbəst ifadələrində “Abzas Media” ilə əməkdaşlıq etmədiklərini və hər hansısa məvacib almadıqlarını bildiriblər.
Daha sonra “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) vəkili Elçin Sadıqov bir neçə vəsatətlə çıxış edib.
"Əməliyyat-istintaq tədbirlərinin başlaması üçün ilkin mötəbər məlumat hansı olub? İlkin qərar hansı olub? Bunlar işin içində yoxdur. O mötəbər mənbə kimdirsə, həmin adam şahid kimi dindirilməlidir", - vəkil vəsatət verib.
Hakim Rasim Sadıxov vəsatəti təmin etməyib. Sonradan sənədlərin tədqiqi mərhələsi başlayıb. Vəkil Elçin Sadıqov bildirib ki, əməliyyat-istintaq hərəkətləri həyata keçiriləndə orada daha bir əməliyyatçı olub ki, onun adı sənədlərdə qeyd olunmayıb. Vəkil əlavə edib ki, eyni zamanda, bir sıra prosesual hərəkətlərin həyata keçirilməsi üçün verilən ilkin qərarlar ortada yoxdur.
Daha sonra, prokuror Rauf Malışov Ülvi Həsənliyə sual verib ki, “Abzas Media”nın ofisindən tapıldığı iddia olunan 40 min avronu polislərin ora atması ilə bağlı onun əsaslandırması nədir?
Ülvi Həsənli isə pulun ofisə necə atılması prosesini izah edib:
"Məni polislər səhər saatlarında saxlayanda döydülər. Daha sonra ofisə gətirdilər. Vəkilim Zibeydə xanımla birlikdə tələb etdik ki, axtarış-götürmə zamanı ofisdə əməliyyat qrupundan başqa heç kim olmasın. Amma orada bir nəfər var idi ki, tez-tez ofisə girib-çıxırdı, əməliyyat qrupunun rəhbərinin qulağına nəsə deyirdi. Bizi digər otağa keçirdilər, qayıdanda həmin şəxs stulu ayağının altına qoydu və qalxıb pulu özü ora qoyubmuş kimi şkafın başından pulu götürdü.
Sonra həmin pulu baxmaq üçün mənə vermək istədilər. Ancaq mən əl izim düşməsin deyə götürmədim və tələb etdim ki, pulun üzərindəki əl-barmaq izləri yoxlanılsın. Bu zaman polislər pulu açıb hamısı birlikdə toxundular ki, orada xeyli əl izi olsun və üzərində ilk kimin əl izi düşüb, bilinməsin. Eyni zamanda pulun atıldığı hissəni çəkən video-kameramız var idi. Polislər onu da götürüblər, amma axtarış-götürmə sənədlərində qeyd etməyiblər”.
Daha sonra ittiham aktının ilk cildinin tədqiqinə başlanılıb. İş üzrə həbs olunmuş Məhəmməd Kekalovun ifadəsi tədqiq edilən zaman məlum olub ki, ifadənin sonunda onun dindirmədən sonra evə buraxıldığı qeyd olunub.
Məhəmməd Kekalov isə ifadəsinin saxtalaşdırıldığını qeyd edib.
"Bu yalandır, mən ifadədən sonra ümumiyyətlə evə getməmişəm. Bu ifadə ümumiyyətlə yalandır", - Məhəmməd Kekalov bildirib. Hakim isə ona danışmağa imkan verməyib.
Növbəti məhkəmə prosesi mayın 13-nə təyin edilib.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Ötən ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.