Möhyəddin Orucovun anası: “Balamı versinlər özümüz müalicə edək, onu məhv edirlər”

Möhyəddin Orucovun anası: “Balamı versinlər özümüz müalicə edək, onu məhv edirlər”
1 May 2025
Mətni dəyiş

Məhkəmə 1 may “Beynəlxalq Əmək Günü”ndə sağlamlıq problemi olan işçi hüquqları müdafiəçisini həbsdə saxlayıb

Mayın 1-də Bakı Apellyasiya Məhkəməsi işçi hüquqlarının müdafiəçisi Möhyəddin Orucovu həbsdə saxlayıb.

“Abzas Media”ya bu barədə onun anası Təranə Orucova məlumat verib.

Narkotiklərin daşınmasında ittiham edilərək 3 il azadlıqdan məhrum edilən ictimai fəalın anası deyir ki, hakim Habil Məmmədov oğlunun həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Anası deyir ki, il yarımdır həbsdə saxlanılan Möhyəddin Orucovun ciddi sağlamlıq problemləri var. O, 2023-cü ildə həbs ediləndə “qeyri-insani rəftara” məruz qalıb və saxlanıldığı polis bölməsində onun böyrəyində problemlər yaranıb. Bir böyrəyində genişlənmə, digərində kristal əmələ gəlib.

Təranə Orucovanın sözlərinə görə, hazırda oğlunun səhhəti çox pisdir və həyatı təhlükədədir.

“Oğlumun sağlamlığı pis vəziyyətdədir. Bu həftə ağrıları şiddətlənib, ağrıkəsici iynə vurublar. Həkim bildirib ki, onu əvvəl yoxlayanda da “kristal” aşkarlayıblar. Ancaq o vaxt bunu gizlətmişdilər. Bu səhər də pristup verib, vəziyyəti ağırlaşıb. Bunlar insan taleyi ilə oynayır. Balamı versinlər özümüz müalicə edək, cavan oğlumu məhv edirlər. Şərləyib tutmusunuz, sağlamlığını almayın əlindən. Mənim balam əzab çəkir orada. Oğlumun həyatı ilə oynayırlar, nə edək, hara deyək bilmirik. Nə istəyirlər mənim balamdan?”, - Möhyəddin Orucovun anası sual edib.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi bir qayda olaraq məhkumların səhhətilə bağlı məlumatları ancaq onların yaxınları ilə bölüşə biləcəyini bildirir.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Azadlığa buraxılandan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. O, ittihamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.

Möhyəddin Orucov məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə əvvəlcə inzibati qaydada həbs olunub.

Fəal hesab edir ki, azadlığa buraxılıb Suraxanı rayonu 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verəndən sonra şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona qarşı ittihamları qismən yüngülləşdirib və fəal barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun