Hökumətin əsas tənqidçilərindən olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 35 gündür ölüm aclığı edir.
Siyasətçinin qızı Nigar Həzi deyir ki, atasının hazırda hansı vəziyyətdə olduğunu “təsəvvürünə gətirə bilmir”.
“Görəsən, dünəndən bəri yenə halı daha da pisləşibmi? Ailə olaraq onun həyatına görə çox narahatıq. Atam ölür. Hər an geridönməz hallar baş verə bilər. Ona bir şey olsa, kim bizə cavab verəcək? Tofiq Yaqublunun həyatına görə məsuliyyət daşıyırsız”, - Nigar Həzi bildirib.
Siyasətçinin qızı İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə çağırış edərək həkim Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməyinə icazə verilməsini tələb edib.
Ötən gün Nigar Həzi atası ilə həbsxanada görüşdüyünü bildirmişdi.
O deyib ki, Tofiq Yaqublu hər an həyatını itirə bilər.
“Tofiq Yaqublunun çəkisi 77.8 kq-a düşüb. Vəziyyəti həddən artıq pisdir. Hətta məhkəmə gününə qədər sağ qalacağına güman belə yoxdur. Yeriyə bilmir, gözləri həddən artıq zəif görür. Görüşə əlil arabasında gətirdilər. Göz qapaqları güclə açılırdı. Başının və bədəninin tarazlığını saxlaya bilmir. Səsi güclə eşidilirdi. Rabitəsiz danışırdı. Gələn görüş gününə sağ qalmayacaq”, - Nigar Yaqublu bildirib.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə mayın 6-a təyin edilib.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.