Prokuror “Abzas Media işi” üzrə təqsirləndirilənlərə toplam 80 il iş istədi

Prokuror “Abzas Media işi” üzrə təqsirləndirilənlərə toplam 80 il iş istədi
20 May 2025
Mətni dəyiş

Sevinc Vaqifqızı: “Biz popkornlarımızı götürüb tamaşaya baxmağa gəlmişik”

Mayın 20-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün ümumilikdə 80 il cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edərək "Abzas Media"nın direktoru Ülvi Həsənlinin 12, baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) 11, direktor müavini Məhəmməd Kekalovun 11, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın hər birinin 11, araşdırmaçı jurnalist Hafiz Babalının 12 və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin 3 il rəhbər və maddi-məsul vəzifə tutmaq səlahiyyətlərindən məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı, həmçinin iqtisadçı Fərid Mehralızadənin istintaq materiallarında yer alan avtomobilinin və təqsirləndirilən şəxslərin bank hesablarındakı ümumilikdə 27.987 manat məbləğində vəsaitin müsadirəsini də tələb edib.

Təqsirləndirilən şəxslər dövlət ittihamçısının çıxışına gülərək reaksiya veriblər. Baş redaktor Sevinc Vaqifqızı bildirib ki, “popkornlarını götürüb tamaşaya baxmağa gəliblər”.

Bu iş üzrə həbs edilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrində ittiham olunurlar.

Hakimin ittihamedici qərar çıxaracağı təqdirdə jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Növbəti proses iyunun 10-da davam edəcək.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun