Quru sərhədləri 5 ildir bağlı olan Azərbaycanda AZAL-ın gəlirləri 2 milyardı keçib

Quru sərhədləri 5 ildir bağlı olan Azərbaycanda AZAL-ın gəlirləri 2 milyardı keçib Foto: sputnik.az
6 May 2025
Mətni dəyiş

Səbuhi Axundov: “Ölüm ayağında olan bacısı ilə vidalaşması üçün təyyarə ilə uçuşa səhhəti icazə verməyən anamı Gürcustana göndərə bilmədim”

Azərbaycan vətəndaşlarının səyahət ümidlərinin havadan asılı qaldığı son 5 ildə Azərbaycan Hava Yolları gəlirlərini 2,1 milyard manata qədər artırıb. 

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb ki, bunun da 3 milyon 296,3 mini beynəlxalq uçuşlar çərçivəsində olub. 

Quru sərhədlərin bağlanmasından sonra yeganə əsas çıxış yolu olan hava nəqliyyatında bilet qiymətləri də kifayət qədər yüksəkdir. Bu da hava nəqliyyatında gəlirlərin artmasına ciddi təsir göstərib. 

Ötən il sərnişin daşınmasından 2 milyard 99 milyon 1,4 min manat gəlir əldə edilib ki, bunun da 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq uçuşlardan olub. 

“Abzas Media”nın yoxlamaları göstərir ki, Cənubi Qafqazın 3 qonşu ölkəsi arasında səfər qiymətləri nəzərəçarpacaq qədər fərqlidir. Ermənistandan Gürcüstana gediş-gəliş üçün təyyarə biletinin minimum qiyməti 200 manatdırsa, Azərbaycandan Gürcüstana gediş-gəliş olmaqla birbaşa uçuşların ən minimum dəyəri 600 manat civarındadır. 

Məsələn, 10-12 may tarixləri arasında Azərbaycan Hava Yolları Şirkətinin (AZAL) Gürcüstana səfər üçün təqdim etdiyi təkcə gediş bileti 304 manatdır. Ermənistan Hava Yollarının bir gediş üçün təqdim etdiyi qiymət isə 95 manatdır. 

Azərbaycandan-Gürcüstana Türkiyədən keçməklə sərnişin daşıyan Türkiyənin “Anadolu Jet” Hava Yolları Şirkəti də AZAL-dan daha ucuz qiymətlər təklif edir. Belə ki, şirkətin Gürcüstana gediş-gəliş birlikdə olmaqla bilet qiyməti 315 manatdır. 

Qiymətlərin yüksək olması sağlamlıq səbəbindən xaricdə müalicə alması şərt olanları, yaxınlarını görməyə getmək istəyənləri və digər səbəbdən səyahət etmək istəyənləri çıxılmaz vəziyyətdə qoyur. 

Məsələn, vəkil Səbuhi Axundov yazır ki, ölüm ayağında olan bacısı ilə vidalaşması üçün təyyarə ilə uçuşa səhhəti icazə verməyən anasını Gürcustana göndərə bilməyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə sərhədlərin bağlı olmasının siyasi motivlərini anasına izah edə bilmir. 

“İndi bacısı dünyasını dəyişdi. Özü Qazaxda, yas məclisi 80 km aralıda, amma sərhədi keçməsi üçün bir kitab sənəd lazımdır. İcazə gələnə kimi də mərhum dəfn olunacaq. Ölüm hamı üçün var. Bu təbii prosesdir, amma indiki şəraitdə anam üçün bacısı ilə vidalaşa bilməmək ağır bir vəziyyət yaradır. Sözlə ifadə etməkdə çətinlik çəkirəm. Üzümü tuturam cənab Baş Nazir Əli müəllimə, bu gün şənbə günüdür və heç yer işləmir. Borçalı mahalında mərhum 3 gün sonra  dəfn olunur. Bu bəlkə də qürbətdə olanların son mənzilə yola salarkən vidalaşmaları üçün bir şansdır. Sizdən xahiş edirəm, mənim ahıl anamın bacısı ilə vidalaşa bilməsi üçün asan bir prossedurla Qırmızı Körpü gömrük keçid məntəqəsindən keçməyinin təmin edilməsinə dair göstəriş verəsiniz. Bu işin hüquqi prosseduru vaxt aparır və mərhumla son dəfə vidalaşmağa zaman qalmır. Bu statusumu mediada olan dostlardan xahiş edirəm paylaşaq. Bəlkə bir əlac oldu. Ana ağlıyanda hər şeyin dəyəri itir. Hisslər ifadə olunmaz olur. Bu müqəddəs missiyasını icra edə bilmək üçün mümkün prosseduru sadələşdirməyinizi xahiş edirəm”, - o, özünün “Facebook” hesabında yazır. 

Rəsmi rəqəmlərə görə, Azərbaycanda bu ilin birinci rübündə hava nəqliyyatı ilə 865,3 min sərnişin daşınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faizlik artım deməkdir. 

Azərbaycanda 2020-ci ildən Covid-19 pandemiyası səbəbi ilə karantin rejimi tətbiq olunur. Ölkədə ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi elan edilib.

Quru sərhədlərin bağlı saxlanılması əvvəlcə koronavirus (Covid-19) epidemiyası ilə əlaqələndirilirdi. Həmin vaxt bir çox dünya ölkələri də öz sərhədlərində müxtəlif məhdudiyyətlər tətbiq etmişdilər. Ancaq  sonradan epidemiya zəiflədikcə demək olar ki, dünyanın bütün ölkələri karantin qaydalarını ləğv etdilər. 

Ancaq Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışında quru sərhədlərin bağlı qalmasının təhlükəsizlik baxımından vacib olduğunu bildirərək, bunun son illərdə Azərbaycanı böyük fəlakətlərdən xilas etdiyini iddia edib.

5 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlı saxlanılır. Sonuncu dəfə bu bu il martın 18-də Baş nazir Əli Əsədovun qərarı ilə karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun