Seçki pozuntularını aşkara çıxaran şəxslərin məhkəməsi başlayır

Seçki pozuntularını aşkara çıxaran şəxslərin məhkəməsi başlayır
19 May 2025
Mətni dəyiş

Hesabatlara görə, hazırda Azərbaycanda 365 nəfərdən çox siyasi məhbus var 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli və ictimai fəal Anad Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

“Abzas Media”nın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Aygün Qurbanovanın icraatına verilib və məhkəmənin hazırlıq iclası mayın 26-na təyin olunub.

Azərbaycanda seçkiləri monitorinq edən müstəqil qeyri-hökumət təşkilatının rəhbəri Anar Məmmədli ötən il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, sonradan bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

İstintaqın yekunlaşmasından qısa müddət əvvəl bu iş üzrə ictimai fəal Anar Abdullayev də təqsirləndirilən şəxs elan edilib. Ona qarşı da eyni maliyyə ittihamları irəli sürülüb. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. 

Anar Məmmədli bundan əvvəl 2013-cü ildə də həbs olunub. Ona qarşı qanunsuz sahibkarlığı da əhatə edən bir sıra maliyyə cinayətləri üzrə ittiham irəli sürülüb və 5 il 6 ay azadlıqdan məhrum edilib. 2016-cı ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. 

O, 2014-cü ildə Vaclav Havel adına mükafata layiq görülüb.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi həbs dalğası başlayıb. 

Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.

Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 365-dən çox siyasi məhbus var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun