Mayın 12-də “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktoru, tədqiqatçı İqbal Əbilov 18 müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Bundan əvvəl mayın 2-də keçirilən prosesdə dövlət ittihamçısı onun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İqbal Əbilova qarşı dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar, milli və dini ayrıseçkilik salmaq ittihamları irəli sürülüb. Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunub. Tədqiqatçı ittihamları təkzib edir və elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Müdafiə tərəfi də hesab edir ki, istintaq ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etməyib.
Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.
O, virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.
Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik etmək xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.