“Toplum TV işi”: Ələsgər Məmmədli və Akif Qurbanova ittiham aktı elan olunub

“Toplum TV işi”: Ələsgər Məmmədli və Akif Qurbanova ittiham aktı elan olunub Foto: Toplum TV
19 May 2025
Mətni dəyiş

Mayın 19-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının bir hissəsi – “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanova aid hissəsi elan olunub.

Daha sonra Ələsgər Məmmədli və Ruslan İzzətlinin vəkilləri müvəkkilləri barəsində seçilən həbs qətimakan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə vəsatət veriblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə prosesi iyunun 2-nə təyin edilib.

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.

Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun