Ülviyyə Əli: "Sən demə, Azərbaycan polisi həm də bir qadını şərləyib zorlaya biləcəyini də dilə gətirir"

Ülviyyə Əli: "Sən demə, Azərbaycan polisi həm də bir qadını şərləyib zorlaya biləcəyini də dilə gətirir" Foto: Sosial Media
19 May 2025
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb. 

O, həbs olunduğu gün necə saxlanıldığını və saxlanıldıqdan sonra başına gələnləri ətraflı izah edib. “Abzas Media” məktubu olduğu kimi təqdim edir:

 

I HİSSƏ

Mən necə saxlanıldım?

6 may Tofiq Yaqublu və “Abzas Media işi“i lə bağlı məhkəmələri çəkmişdim və öz profilimdən məlumatları paylaşmışdım. “Amerikanın Səsi” bağlanandan sonra iş yerimi itirmişdim və profilimdə də yazmışdım ki, iş yerim olmasa belə, jurnalist fəaliyyətim dayanmayacaq. Qeyd edim ki, profilimdən paylaşımları tamamilə könüllü əsaslarla edirdim. Həm də dövlətin guya “qarınağrısı” kiminsə “Qərb dairələrindən” maliyyələşməsi idi. Mən fəaliyyətimi bu şəkildə davam etməklə onların bu arqumentini tamamilə puça çevirmişdim və məsələnin pulda olmadığını göstərmişdim.

6 may gecə 12-yə işləmiş evimin blokuna daxil olarkən bir şəxs mənə yaxınlaşdı. Həmin gün “Abzas Media” məhkəməsindən çıxıb kafedə bir az istirahət etmək üçün oturanda pəncərədən izləndiyimi sezdim, mülki geyimli şəxs yolun o biri üzündən məni izləyirdi. Mənə blokun qabağında yaxınlaşan şəxs dedi: “Ülviyyə?” Artıq bildim ki, mənim də növbəm çatıb, məni də saxlamağa gəliblər. Əlimdəki telefona əlini uzatdı, mən də heç nə demədən verdim. Məni maşına mindirdilər, qolumda saatın olub-olmadığını yoxladılar, çantamdakı başqa əşyalara baxanda digər köhnə telefonumu və evin açarını tapdılar. Telefonumun şifrələrini istədilər, etiraz etdim. Mənim yanımda iricüssəli polis oturmuşdu, üzbəüzdə müstəntiq Əlibala Hacıyev, sürücü, onun yanında da başqa polis var idi. Birinci maşın yerindən tərpəndi, mən də şüşədən baxıb hara apardıqlarını izləyirdim. 2-3 dəqiqə fırlanandan sonra yenə evin qabağına sürdülər. Bloka 7 polis, mən və müstəntiq daxil olduq. Qapıya çatanda evin açarını qapıya daxil elədim. Ürəyimdə sevindim, ev yoldaşım evdə imiş və qapını içəridən bağlayıbmış. Fürsəti qaçırmadan “Məni tutublar, çölə xəbər ver” qışqırdım. Bu dəmdə iricüssəli polis ağzımı böyük əli ilə bağladı. Bir an elə bildim, nəfəsim kəsiləcək, çünki əli o qədər böyük idi ki, burnumu da tutmağa yetirdi. Qapıya çox bərk şəkildə yumruq-təpiklə zərbələr endirdilər. Hətta aşağı mərtəbədən qonşu səs çıxıb soruşdu ki: “Nə olub?” Dedilər: “İçəri gir.” Ev yoldaşım 1-2 dəqiqəyə qapını açdı. Hamı içəri doluşdu. Axtarış barədə qərar təqdim olundu, şübhəli şəxs qismində “Aynur Qənbərova və digərlərinin işə ilə bağlı” saxlandığım yazılmışdı.

Bəli, hamımıza məlum olan məşhur “Meydan TV işi” ilə bağlı şübhəli şəxs qismində saxlamışdılar məni. Qərarı oxuyub yenə gülümsədim. Çünki hər kəsə məlumdur ki, mən 2019-cu ildən “Amerikanın Səsi” ilə əməkdaşlıq etmişəm, “Meydan TV” əməkdaşı deyiləm. Əgər bu işlə bağlı 10 nəfəri şərləyiblərsə, 11-ci olan məni ikiqat şərləmişdilər. Bəli, həbs olunanların əksəriyyəti mənim dostlarımdır. Bəli, mən onların haqsız həbsinə etiraz edirdim. Mən Meydan TV əməkdaşı olsaydım, bunu yalnız fəxr hissi ilə dilə gətirərdim, inkar etməzdim!".

 

II HİSSƏ

Evdə axtarış və pulyerləşdirmə əməliyyatı

Birinci qonaq otağına keçdik, evin hər otağına polislər arı kimi daraşdı. Qonaq otağında şkafdan 32 gb-lıq fleşkart, 11-ci sinif məzuniyyət diski, həmçinin səhhətimlə bağlı keçirdiyim əməliyyatın diskini götürdülər. İçəridə 7 polis, 2 hal şahidi, müstəntiq, mən və ev yoldaşım var idi. Hamının bildiyi kimi, 2 pişiyim var və pişiklər qorxudan şkafın başına çıxmışdılar. Arada onlara baxırdım, stres altında olduqları çox hiss olunurdu.

Qonaq otağından sonra yataq otağına keçdik. Əşyalarımı ələk-vələk edirdilər. Otağımdan kameramın yaddaş kartını, 1 ədəd fleşkart, 1 ədəd kompüter götürdülər. Qeyd edim ki, siyasi məsələlərlə bağlı olmayan ev yoldaşımın da kompüter və telefonunu götürdülər. Digər polislər də hamama və mətbəxə baxırdı. Bir qədər sonra 3-cü otağa daxil olduq, orada mənim əşyalarım yox idi, köhnə ev yoldaşımdan qalan əşyalar var idi. Orada bir şey tapmadılar.

Mən evdəki axtarışla bağlı nəyəsə irad bildirəndə hal şahidlərindən biri rusca “Siz çox kapriz edirsiniz” dedi. Mən də dedim: “Sizi evə mən dəvət etməmişəm, evimə icazəsiz və dəvətsiz gəlmisiniz, gedə bilərsiniz!”

Daha sonra yenə keçdik qonaq otağına. Müstəntiq Əlibala Hacıyev evdən götürülən əşyaları protokola yazmağa başladı. Qəribə gəlmişdi ki, nə əcəb, mənim evimə də pul qoymadılar. Ona görə də kinayə ilə dedim ki: “Evə pul qoymursunuz bəs?” Digər mülki geyimdə olan polis üstümə şığıdı ki: “Kimin evinə pul qoymuşuq ki, biz?” Mən də dedim: “Sizinlə danışmıram, müstəntiqə sual verdim.” Dedi: “İndi qoyacam, görəcəksiniz.” Cavab verdim ki: “Elə ən yaxşı bacardığınız iş budur.” Mən, otaq yoldaşım, hal şahidləri və 5 polis qonaq otağında ikən, biri mülki, biri polis formasında olan iki polis mənim yataq otağım tərəfdə idi. Müstəntiqə etiraz elədim ki, onlar orada nə edir? Müstəntiq qayıtdı ki: “Artıq protokol yekunlaşıb, onsuz da onların yan otaqda olmasının əhəmiyyəti yoxdur”. 

Yenə də, etiraz elədim və müstəntiq onları çağırdı, təxmini 10 dəqiqə sonra hər ikisi qonaq otağına keçdi. Biri birbaşa olaraq balkona çıxdı ki, siqaret çəkir. Balkonda kimə nə deyildi, kimə zəng elədi, bilmirəm. Protokol tərtib edilərkən gördüm ki, evə tez-tez girib-çıxan polis müstəntiqə otağın o biri başından başı ilə təsdiq verdi. Birdən təxmini 40-45 yaşlarında olan, aşağıdan gələn və axtarışın böyük hissəsində iştirak etməyən başqa bir polis dedi ki: “Yataq otağının içindəki şkafın başına baxmamışıq.” Mənim yanıma da iricüssəli polis vermişdilər deyə, bir az tərpənəndə, ya harasa boylananda mənim hərəkətlərimi təkrar edirdi, hər an tətikdə durmuşdu. Yenə yataq otağına keçdik, şkafın başından əşyaları aşağı düşürdülər. Bu ilin yanvarın 4-dən bəri açıb üzünə belə baxmadığım baqajımın üst cibindən pul rezininə bükülmüş, təxminən Çexovun “6-cı palata” əsərinin qalınlığında pul götürdülər. Pulu mənə uzadıb “Bu kimindir?” dedilər. Mən pula toxunmadım və bərkdən gülərək dedim ki: “Siz daha yaxşı bilərsiniz, siz qoymusunuz deyə.” Yox, mən polisin yadına daş salmamışdım. Bilirdim ki, evə pul qoymaq üçün vurnuxurlar.

Yenə protokollaşdırmaq üçün qonaq otağına keçdik. Həmin polis dedi ki: “Gördünüz, qoydum.” Mən də alqışladım. Dedim ki: “Performansınızı bəyəndim.” Protokolda qeyd etdim ki, evimdə axtarış vəkilim olmadan aparılıb, evin qapısı bağlı olmalı ikən polislər tez-tez girib-çıxırdılar, pullar müstəntiq tərəfindən əlcəksiz sayılmışdı, iricüssəli polis ağzımı tutmaqla zorakılıq göstərmişdi və s. Amma mənə olan zorakılıq bununla bitməyəcəkdi.

Başqa bir nüans da o idi ki, hal şahidlərinə aparılan araşdırma maraqlı deyildi, evin sağında axtarış gedirdisə, onlar evin solunda idi və onlara o qədər maraqsız idi ki, birisi protokol yekunlaşmamış imzaladı və getdi, digəri də “evdə xəstəm var” dedi və getdi deyə, ancaq polislər, mən və otaq yoldaşım qaldıq. Mənim qeydlərim üçün protokolda cəmi 4-5 sətir ayrılmışdı, axtarış götürmə barədə istintaq hərəkəti o qədər kobud pozuntularla keçmişdi ki, onu 4-5 sətirə sığışdırmaq mümkün deyildi. Otaq yoldaşımın isə ümumən qeyd yazmasına icazə vermədilər. İkimizə də protokolu imzalatdılar, halbuki otaq yoldaşımın hərəkətinə belə icazə verməmişdilər, məlumdur ki, 11 nəfərin olduğu otaqda nəsə axtarmaq çox da məntiqli deyil, ona görə də, otaq yoldaşımı axtarış zamanı yataq otağına keçirmədilər, ordan çıxan heç nəyi də görmədi, ümumiyyətlə evə qoyub götürdükləri, miqdarını belə dəqiqləşdirə bilmədikləri pulu, o, ancaq müstəntiq əlcəksiz sayanda gördü, lakin qeyd yerinə heç mənim qeydlərim çatmadı ki, onunkular da çata.

Hal şahidləri çıxıb gedəndə pulu qoyan polis “Sağ ol, əzizim” dedi. Bilmədim, hansı əzizidir.

Protokolları bitirəndən sonra pişiklərimi adları ilə çağırdım. Şkafın başından endilər, öpüb-qucaqlayıb yemək qoydum, qabı çox doldurdum, çünki bir də evə qayıtmayacağımı artıq bilirdim". 

 

III HİSSƏ 

Məndən polislərə hədiyyə

Ev yoldaşımı ayrı, məni ayrı maşında BŞBPİ-yə (- red Bakı Şəhər Baş Polis İdarəsi) apardılar. Tez-tez onu soruşurdum, çünki siyasi mövzulara heç bir bağlılığı olmayan adamın saxlanılması məni çox narahat edirdi, hətta o an heç özümün saxlanılmağım gözümə görünmürdü.

BŞBPİ-yə çatdıq, ev yoldaşımla məni başqa-başqa otaqlara apardılar. Mənim otağıma 4 polis formalı, bir mülki geyimli şəxs gəldi. Biri, deyəsən adı Həsən idi, üzündə gözünə kimi maska çəkmişdi, gözünü zorla görmək olurdu. Amma üzünün necə olduğu çox da əhəmiyyətli deyildi, çünki şəri təmsil edən bu çəlimsizin səsi yaman öz xoşuna gəlirdi deyə, var gücü ilə üstümə qışqırırdı.

Mənimlə stolda üzbəüz oturmuşdu, danışanda gözlərini üstümə dirəyib, az qala ağzımın içinə girirdi. Stolun üstündəki su qabını əli ilə vurdu və su qabı deşildi. Su üstümə və stolun üzərinə töküldü. Telefonlarımın və kompüterimin şifrələrini istəyirdi, mən isə verməyəcəyimi deyirdim. Digər bizi izləyən polislərə üzümü tutub dedim ki: “Bunu üstümdən çəkin.” Onlar isə sakit tonla şifrələri verməyimi və hər şeyin normal olacağını dedilər. Mən yenə də imtina edirdim. Bu zaman həmin çəlimsiz, amma səsi özünə xoş gələn, bir qadının üstünə bozara bilən polis otaqdan çıxdı.

Mülki geyimli polis isə görüntüdən həzz ala-ala siqaret çəkirdi. Dedi: “Şifrələri ver.” Dedim: “Siz kimsiniz?” Cavab verdi ki: “JEK işçisi. Ağlına gəlməyən şeylər başına gələ bilər, biz onu saxlamayacağıq.” Daha sonra səsi bərk çıxan polis yenə gəldi, mən də başqa şifrələr verdim. Başımın üstündə durub mənə tərəf əyilmişdi, parolları yazan polis qapıdan çıxdı, 1-2 dəqiqəyə qayıdıb dedi ki, səhvdirlər. Bu zaman başımın üstündə dayanan çəlimsiz polis başımdan yumruq vurmağa başladı, hər dəfə “bilmirəm” deyəndə başımdan yumruq vururdu. Beləliklə, beş dəfə başımın arxasından, iki dəfə ortasından yumruq vurdu. İki dəfə isə gicgahımdan barmağı ilə vurdu.

Gördülər, vermirəm, siqareti ləzzətlə çəkən “JEK işçisi” ayağa durdu, hərəsi bir yanımda durub saçımı fərqli istiqamətlərə dartaraq yolmağa başladılar. Çəlimsiz olan polis dedi ki: “Elektroşok gətirin”. Nəsə gətirib stolun üstünə qoydular. Yenə verməyəndə çəlimsiz polis “sənin xanım-xatınlığını pozaram” dedi. Sözdən ürəyim ağzıma gəldi.

Biz Azərbaycan polisinin nələrə “qadir” olduğunu çoxdan görüb-eşitmişik. Azərbaycan polisi insanları şərləyir, döyür, qanunsuz əməllər törədir. Sən demə, Azərbaycan polisi həm də bir qadını şərləyib zorlaya biləcəyini dilə gətirir.

Qeyd edim ki, mənim 2017-ci ildə beynimdə mikroadenoma şişi olub. Şiş xoşxassəli idi və hipofiz vəzinin yanında yerləşirdi. Uzunmüddətli müalicədən sonra şiş sağaldı, lakin hər il kontrol altında saxlamaq üçün müayinə olunuram. Buna dair çoxsaylı həkim müayinəsi, MRT və s. analiz cavablarım var.

Başımdan aldığım zərbələrdən sonra başımda küt ağrılar müşayiət olunur, həmçinin ürəkbulanmalarım və qusmalarım baş verir.

Müxalif şəxslər saxlanılarkən tez-tez hamısının xəstəliklərini yazırdılar. Bir rəydə oxumuşdum ki, kimsə “Bu müxalifətçilərin də hamısı xəstədir” yazıb. Bəli, yoldaşlar, nəinki müxalif insanlar, pis idarəçilik altında hamı xəstədir.

Onların evimdən götürdüyü kompüterin üzərində A.C.A.B. yazısı var. Hazırda hər kompüterimi açanda üzlərinə qarşı bu yazının işıqlandığını bilmək məni gülümsədir. Bütün bu olanlara daha tutarlı cavab ola bilməzdi".

 

IV HİSSƏ

Müstəntiq Əlibala: “Mən zorakılığı görməmişəm”

40 quldur olmasa da, 5-i bütün bunlara şahidlik edib, yenə məni iricüssəli polisə təhvil verdilər. Haqqını yeməyim, elə bilirdim mənə zorakılıq edən o olacaq, amma otaqda yox idi, olanları izləmədi, mənimlə nisbətən daha mədəni davranırdı. Gətirdilər müstəntiq Əlibala Hacıyevin otağına. Dedim: “Mənə zorakılıq oldu”, dedi: “Mən görməmişəm axı.” Bunu ondan mədət ummaq üçün demədim, guya olanlardan bixəbər idi ki?! Bunu deyəndən sonra üzündəki mimikaya baxmaq istədim.

Onların özləri də çox yaxşı bilirlər ki, mənim “Meydan TV” ilə əməkdaşlığım yoxdur, amma əllərində olmayan “sübut”lardan, yəni yoxdan nəsə var etmək lazım idi deyə, zorakılıqla şifrələrimi götürdülər. Bildiyim qədəri ilə məndən öncə saxlanılan qadınların heç birinə şifrə üçün bu tərzdə zorakılıq olmayıb.

Yoxdan nəsə var etmək üçün mənim haqqımda hər hansı “sübut” əldə etmək maraqları var idi. Yəqin “Salam, necəsən?” mesajlarından yapışarlar.

Formal prosedurlara keçid edərkən vəkilimi istədim. Dedilər, çox gecədir, dövlət hesabına təyin olunan var. Zibeydə Sadıqovaya zəng etməklərini istədim, təkcə onun nömrəsini bilirdim. Zəng elədilər, dedi order üçün ancaq səhər vəkil gələ bilər. Çatdırıb zorakılıq gördüyümü deyə bildim. Dövlət tərəfindən təyin olunan vəkil Sevdiyar Bayramov idi, heç nə demirdi, mən özüm prosessual hüquqlarımın pozulduğunu, zorakılıq gördüyümü qeyd etdim. Həbsimin siyasi sifariş olduğunu və jurnalist fəaliyyətimlə əlaqədar olduğunu yazdım". 

 

V HİSSƏ

Qaçaqmalçılıq - "Jurnalistsiniz?"

Şübhəli şəxs kimi saxlanılmaq qərarımı 7 may 2025-ci il üçün vermişdilər. Amma mən 6 may tarixində saxlanıldım. Saxlanılmaq qərarımı isə məşhur müstəntiq Samir İsmayılov vermişdi. 6 mayı həmişə Deniz Gezmişin edam tarixi kimi xatırlayırdım. Bundan sonra mənim üçün bu tarix həm də özümlə bağlı olacaqdı…

Formallıqlar mərasimi bitəndən sonra Xətai Rayonu Müvəqqəti Saxlanılma Yerinə aparıldım. Orada maddəmi soruşdular. “Qaçaqmalçılıq” dedim. Dedi: “Jurnalistsiniz?”, gülümsəyib “Hə!” dedim.

MSY-də başqa bir oğlan mən tanışlıq verməmiş dedi ki: “Jurnalistsiniz?” Dedim, hə. Dedi: “Sizin səsinizi “Amerikanın Səsi”ndə eşitmişəm.” Dedim mən də öz səsimi ordan eşidirdim, amma indi “Meydanda da yan-yana, zindanda da yan-yana oldum”. Amma sevindim ki, səsim sistemin içinə qədər eniş edib.

Bütün gecəni yatmamışdım, səhər 6 radələri idi və artıq yuxusuzluqdan gözlərim gedirdi, qeydiyyat mərasimi bitəndən sonra 6 №-li kameraya saldılar. Sonradan öyəndim ki, məndən əvvəl burada Aynur Elgünəş saxlanılıbmış. 6 №-li kamerada qalmağımı həm də “6 №-li Palata” əsəri ilə eyniləşdirib öz-özümə yenə gülümsədim.

Yuxuya getməyim çətin oldu, başımdakı ağrılar imkan vermirdi. Həm də dəhşətli dərəcədə ürəkbulanmam var idi. Səhərə qədər iki dəfə qaytarmışdım. Bilmirəm, başımdan aldığım zərbələrdən idi, ya yaşananların iyrəncliyindən. Səhər yanıma DİN-dən gəldiyini, adının Samir olduğunu deyən mülki geyimli biri gəldi. Yanında başqası da var idi. Telefondakı “Face ID” açmağımı istədilər, yenə etiraz edib vəkil istədim, amma yolaverdi şəkildə dedilər: “Vəkil gələcək, “Face ID" ver”. Başımı çevirəndə gördüm telefonu üzümə tutub və telefon açıldı. Yenə getdi, mən də yatmağa getdim. Yarım saat sonra yenə qayıtdılar. Dedi: “Telegram”-ın şifrəsini ver”, mən yenə də etiraz edib dedim ki: “Məndən əl çəkin, vəkili çağırın.” Çağırmadı və yenə təhdidə keçdi: “Azərbaycan xanımısan, özünü dəliliyə qoyma, elə etmə ki, səninlə başqa cür danışım. Sabah biri-birimizi yolda görəndə normal salamlaşa bilək” və üstümə şığıdı. “Telegram”-da onsuz da nəsə yox idi, mən ümumiyyətlə, yazışma saxlayan biri deyiləm. Ona görə də bunu üçün dirəşməyib verdim. Amma istəyirəm hər kəs bilsin ki, 1 sutka ərzində 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam!

Samir adlı polis gedəndən bir qədər sonra günorta təxminən saat 2 radələrində vəkilim gəldi və bu da o demək idi ki, 14 saat vəkilsiz qalmışdım.

Daha sonra müstəntiq Əlibala Hacıyev gəldi və vəkilimlə mənə təqsirləndirilən şəxs qismində cəlb edildiyimi dedi. Oradan artıq məhkəməyə yollanacaqdım. Hər yanı hasarlarla bürünmüş, bizim üzümüzün parasının mediaya yansımasından qorxduqları Xətai Rayon Məhkəməsinə…"

 

VI HİSSƏ

“Bella Ciao!”

Xətai Rayon MSY-dən Xətai Rayon Məhkəməsinə gətirildim. Ağlımda hansısa şüar yox idi, gördüm əlimə qandal vururlar, elə şüar bədahətən ağlıma gəldi. 

Məhkəmənin qabağında anamı gördüm, jurnalistlərdən biri də çəkirdi. Qolumu qaldırıb, “Medianın qoluna qandal vurulub” dedim. Əslində heç bir şüara ehtiyac da yox idi. Məgər hər şey göz qabağında deyildimi?!

Məhkəmədə Əlibala Hacıyev və dövlət ittihamçısı təqsirləndirilən şəxs kimi barəmdə 1 ay 29 gün həbs qətimkan tədbiri seçilməsini istədilər. Əsaslandırmaları oxuyanda gülməyim gəldi: guya mən ölkəni tərk edə, ya da başqa şahidlərə təsir edə bilərmişəm. “Meydan TV işi” ilə bağlı yanvarın 16-da BŞBPİ-də dindirilmişəm və müstəntiq Samir ismayılov orada məlumat verdi ki, ölkədən çıxış qadağam var. Bu 4 ay ərzində ölkədən çıxışıma qadağanın olduğu ilə bağlı saysız qədər status yazmışam, müsahibələr vermişəm, hətta məhkəməyə də verib, 5 may tarixində şikayətimə rədd cavabı almışam.

Mən necə ölkəni tərk edə bilərdim? Cinayət törədən insan bu 4 ay ərzində qaçıb çoxdan gizlənərdi, amma mən ölkədə idim və dəfələrlə bildirmişəm ki, ölkədən getmək niyyətim yoxdur. 4 ay ərzində başqa şahidlərə də kifayət qədər təsir edə bilərdim. Bütün bunları məhkəmədə səsləndirdim və bildirdim: “Ölkədə 30 jurnalist eyni maddə ilə həbsdədir, guya evlərindən də pul tapılır. Mən əqli-səlim adam olaraq özümə yaraşdırmaram ki, evdə nağd pul saxlayım. İstintaq orqanları düşünür ki, toyuq kimi 40 gün gözləyib, yumurtanın içindən cücə çıxan kimi gözləmişəm ki, evimə qoyulan pullar balalayıb çoxalsın.”

Əksər jurnalistlər barəsində həbs qətimkan tədbirinin seçilməsində imzası olan, şəhid qızı, hakim Sülhanə Hacıyeva ölkədən çıxışıma qoyulan qadağanı qüvvədə saxlamışdı. Təbii ki, onun üçün mənim arqumentlərim maraqsız idi. Deyərdim ki, məhkəmələr artıq notariusa dönüb, amma bu da onlara uyğun gəlmir. Çünki notarius belə nəyinsə təsdiqinə rədd cavabı verir.

Məhkəmə bitəndən sonra Bakı İstintaq Təcridxanasına getmək üçün zalda gözləyərkən məni aparacaq olan polislərdən biri telefonda “reels”-ə baxırdı. Telefonundan müxtəlif videoların səsi gəlirdi. Birdən hansısa videodan “Bella Ciao” mahnısı səsləndi. Gülümsədim, yorğun olsam da sevimli mahnım mənə dofamin və serotonin yüklədi. İndi isə məhkəmədən bu yana yadıma düşəndə zümzümə edirəm:

“O partigiano, portami via

O bella ciao, bella ciao, bella ciao, ciao, ciao

O partigiano, portami via

Che mi sento di morir”".

 

VII HİSSƏ

Mən niyə həbs olundum?

Düşünürəm, məni izləyən hamı təsdiq edər ki, mən Azərbaycanda susdurulan medianın yükünü öz çiynimə çəkmişdim. Əzilən, zülm görən, haqsızlığa məruz qalan hamı digər jurnalistlər həbs olunandan sonra mənə müraciət edirdi. Mən də hamının səsi olmağa çalışırdım. İşləməyə platformam olmasa belə, öz “Facebook” və “X” profilimdən fəaliyyətimə davam edirdim. Şərlənərək həbs olunan bütün siyasi məhbuslarla bağlı problemləri işıqlandırırdım.

MSY-də Samir adlı mülki geyimli polis söz arasında dedi ki: “Tofiq Yaqublu barəsində ev dustaqlığının təmin olunmaması ilə bağlı qərar elan olunanda hara qaçırdın? Kamera görüntülərini izləyəndə o qədər bərk qaçırdın, elə bildim yıxılacaqsan.” Onda başa düşdüm ki, mənimlə eyni gündə şərlənib həbs olunan Əhməd Məmmədli də Tofiq Yaqublunun məhkəməsini işıqlandırıb deyə həbs olunub.

İndi isə özüm də ikiqat şərlənərək həbs olunmuşam. Bir mediada işləmək cinayət deyil, amma işləmədiyim bir media ilə bağlı şərləyib həbs etmək ikiqat şərdir. Mən “Meydan TV”-nin Fərid Mehralızadəsi, Hafiz Babalısı oldum, necə ki, onları da şərləyərək işləmədikləri medianın fəaliyyətinə sırımağa çalışırlar. Məni də susdurmaq üçün belə bir yola əl atdılar.

Xoşbəxtəm! Mənim adım cinayətlə deyil, məhz haqsızlıqlara susmayan, əzilən xalqın yanında olan müstəqil jurnalist kimi anılır.

Qürurluyam! Çünki haradasa yaxınlarımda mənim kimi haqsızlığa susmayan əziz dostlarım bəs edir ki, hələ də baş qaldıran insanların olduğunu bilim. Təəssüf ki, dövlət mediaları susdurandan sonra törətdiyi qanunsuzluqları adi öz profilində işıqlandıranlara da dözümü qalmayıb.

Mən bir insanın qətlinə susulmaması üçün səsimi çıxarıb həbs olunmuşam və bundan qəti peşman deyiləm. Çünki bir insanın fiziki məhv edilməsinin iştirakçısı olmayacam. Sevindim ki, Tofiq Yaqublu aclığı dayandırıb. Mən də bu məsələləri ictimailəşdirdim deyə, həbs olundum. Nə xoşbəxt mənə ki, bir insanın ölümünə susmamışam.

Mən muzeyləri çox sevirəm. Həbsə də muzey kimi ekskursiyaya gəlmişəm. Müstəqil jurnalist hər yerdə olmalıdır. Məni ölkədə jurnalist adına heç nə qoymaq istəmədikləri üçün həbs etdilər. Dostum zarafatla deyirdi ki: “Səni də tutsalar, 1988-dən başlanan proses bitəcək.” Amma proses bundan sonra başlayır, canlarım.

Bircə pişiklərimdən narahatam, onlara da yaxşı baxılacağından əminəm.

Dəstək olan hamıya təşəkkürümü bildirirəm!”.

Bakı İstintaq Təcridxanasından sevgilərlə,

Ülviyyə Əli.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun