Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə şagirdlərin ərizə qəbuluna sadəcə 10 gün qalmış dəyişikliklər edilib.
Təhsil İnstitutunun bu haqda məlumatında bildirilib ki, sözügedən lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.
Ötən il isə sözügedən təhsil müəssisələrində oxumaq üçün 5, 6, 7 və 8-ci siniflərə qəbul keçirilib.
Qərarın dəyişdirilməsi və qəbulun yalnız 6-cı siniflər üçün nəzərdə tutulması isə valideynlərin narazılığına səbəb olub.
İlhamə Manafova 149 saylı məktəbin 5-ci sinif şagirdi olan övladını gimnaziyaya hazırlayan minlərlə valideyndən biridir. Deyir ki, sözügedən lisey və gimnaziyalara qəbul olmaq üçün 2 ildir hazırlaşan uşaqlar var və indi onların taleyi bir gecədə sürpriz qərarla dəyişdirilib.
“Pulu olanlar aparıb övladlarını illik ödənişli liseylərə qoyur. Aztəminatlı ailələrdə isə valideynlər boğazlarından kəsir ki, övladları gedib dövlət lisey və gimnaziyalarına oxusunlar, daha yaxşı təhsil alsınlar. Bu qədər uşağın, validyenin haqqına girmək olar? Söz tapa bilmirəm deməyə. Tutaq ki, uşağa görə pul xərcləmişik, boğazımızdan kəsmişik, bəs uşağın özünə necə deyək ki, ay uşaq, sizin qəbulunuz dayandı?! Bir ildən çoxdur bütün əyləncədən məhrum ediliblər ki, vaxtlarını ancaq hazırlığa ayırsınlar və bu gimnaziya və liseylərə qəbul ala bilsinlər. Məktəb təhsili ilə yanaşı, lisey və gimnaziya hazırlıqlarına gediblər. Bu qədər kitab aldırıblar bizə. İndi gəlib ilin sonunda deyirlər ki, qəbul 6-cı sinifdən olacaq. Bu qədər haqdan-hüquqdan danışan dövlət necə belə haqsızlıq edə bilər?!”, - valideyn bildirir.
İlhamə Manafova deyir ki, əgər belə bir qərar var idisə, bu təhsil ilinin əvvəlində - sentyabr ayında elan edilməli idi ki, valideynlər də planlarını ona uyğunlaşdırsınlar.
Məsələ ilə bağlı “Demokrat.az”a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu qərar təkcə bir texniki dəyişiklik deyil, minlərlə ailənin həyat planlarını pozan, uşaqların psixoloji durumuna mənfi təsir göstərən və dövlət-vətəndaş münasibətlərində etimadı zədələyən ciddi bir zərbədir:
“Elm və Təhsil Nazirliyinin lisey və gimnaziyalara IV siniflər üzrə qəbul imtahanlarını qəfil və əsaslandırılmamış şəkildə dayandırması – özü də heç bir ictimai izahat, keçid dövrü, və ya əvvəlcədən xəbərdarlıq olmadan – təhsildə idarəçilik baxımından həm prinsipial, həm də etik cəhətdən qəbuledilməzdir”.
O bildirib ki, valideynlər övladlarını liseylərə qəbul üçün illərlə hazırlaşdırıblar və bu hazırlıq prosesinə kurs xərcləri, repetitorlar, sınaq imtahanları, psixoloji dəstək, ailəvi planlamalar daxildir:
"Mərkəzləşdirilmiş qəbul sisteminin etibarlılığına güvənərək minlərlə ailə övladını IV sinifdən liseyə yönləndirmək məqsədilə böyük maddi və mənəvi yük altına girib. İndi isə bir məmur iradəsi ilə bu imkanın tamamilə ləğvi, özü də ictimai müzakirə olmadan, həmin ailələrin səylərini və övladların ümidlərini heçə endirir. Uşaqlara necə izah edək ki, “oyunun qaydaları” dəyişdi, özü də oyunun ortasında?”
Təhsil eksperti sual edib ki, əgər bu qərar pedaqoji və strateji əsaslarla verilibsə, niyə ictimai əsaslandırma təqdim olunmur və niyə Elm və Təhsil Nazirliyi hansı meyarlarla bu qərarı verdiyini açıqlamır?
“Axı bu, təkcə texniki prosedur deyil, minlərlə uşağın gələcək təhsil trayektoriyasını müəyyən edən kritik bir mexanizmdir. Qərar 2025-2026-cı tədris ilinə aiddirsə, o zaman bu dəyişiklik niyə 1 il əvvəl elan edilmədi? Necə olur ki, ötən il IV, V, VI, VII siniflər qəbul imtahanı verə bildi, bu il isə qəfildən yalnız VI sinif?"- o deyib.
Ekspert qeyd edib ki, bu yanaşma, idarəetmədə şəffaflıq və ardıcıllıq prinsipinin kobud şəkildə pozulmasıdır:
"Qanunvericiliyə görə, hər hansı mərkəzləşdirilmiş qəbul qaydasında dəyişiklik əvvəlcədən ictimaiyyətə təqdim edilməli, bu barədə normativ sənəd hüquqi qüvvəyə minməli, və ən azı bir tədris ili əvvəlindən xəbərdarlıq edilməlidir. Əks halda bu, inzibati özbaşınalıq və ailələrin planlaşdırma hüquqlarının pozulmasıdır. Təhsil Haqqında Qanunun 5-ci maddəsində qeyd olunur ki, təhsil prosesi şəffaf və proqnozlaşdırıla bilən şəkildə təşkil edilməlidir. Bu qərar isə nə şəffafdır, nə də proqnozlaşdırıla bilən”.
Ekspertə görə, bu qərar təhsildə sosial ədalət prinsipini də pozur və övladını repetitorla liseyə hazırlayan ailə bu sistem dəyişikliyindən maddi və mənəvi zərər görür.
Lakin bu zərərin qarşısında nə bir rəsmi üzrxahlıq var, nə də alternativ təklif. Nəticə etibarilə, bu addım vətəndaşla dövlət arasındakı sosial müqavilənin bir forması olan “təhsildə etimad” prinsipini məhv edir, o deyib.
“Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir: niyə bu dəyişiklik əvvəlcədən elan edilməyib, hansı əsaslarla sinif səviyyələri üzrə qəbul dayandırılıb, zərər görən minlərlə ailəyə hansı kompensasiya və ya alternativ təklif olunur? Əgər təhsildə etimad və planlı inkişaf istəyiriksə, belə qərarlar ictimai dialoqla, keçid müddəti ilə və hüquqi əsaslarla həyata keçirilməlidir. Hazırda isə sadəcə bir xaos yaşanır və bu xaosun müəllifi təəssüf ki, dövlətin öz təhsil orqanıdır", - Kamran Əsədov açıqlamasında bildirib.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyi hələ ki bəlli deyil.
Lakin Təhsil İnstitutundan “Qafqazinfo”ya deyilib ki, sözügedən mövzu qurumun diqqətindədir, müzakirələr aparılır və yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.