“Xarıbülbül” festivalına görə dövlət məmurunun şirkətinə 2 milyon manata yaxın pul ayrılıb

“Xarıbülbül” festivalına görə dövlət məmurunun şirkətinə 2 milyon manata yaxın pul ayrılıb Foto: Wikipedia
12 May 2025
Mətni dəyiş

Bu il Şuşada keçiriləcək və 2-3 gün davam edəcək “Xarıbülbül” musiqi festivalına 1 milyon 900 min manat pul xərclənəcək

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı “AQS Group” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilə dövlət satınalmalarının vahid elektron portalında yox, tender keçirilmədən, kağız üzərində və “Bir mənbə” üsulu tətbiq edilməklə imzalanıb.

Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması hesab olunur. Çünki qanunda təchizatçı və tender prosedurları ilə bağlı tələblər qeyd olunub.

Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunda deyilir ki, satınalma müqaviləsi ancaq satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda, satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda, satınalma predmetinə təcili tələbat yarandıqda və ya tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olanda tender keçirilmədən bağlana bilər.

Ancaq “Xarıbülbül” musiqi festivalı hər il əvvəldən planlaşdırılmış şəkildə keçirilir. Orada təqdim olunan xidmətlər, mal və materiallar isə təkcə “AQS Group” MMC-də yox, bir çox müxtəlif şirkətlərdə var. Bundan əvvəlki illərdə festivalın təşkilatçılığını başqa şirkətlər edib.

Digər tərəfdən, “AQS Group”la bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Yeganə məlumat eyni adı daşıyan bir tibb klinikasına aiddir. Ancaq açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlə “Əsaslı Tikinti və Təchizat” MMC ümumi dəyəri 2 milyon 800 min manata qədər olan iki müqaviləni tender keçirmədən imzalayıb.

Bu müddətdə Azərbaycanın Turizm Agentliyi də bu şirkətlə dəyəri yarım milyon manatdan çox olan satınalma müqaviləsi imzalayıb. 

Ancaq “Dövlət satınalmaları haqqında” Qanun deyir ki, tenderdə iştirak haqqı qazanan tərəflərin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması tələb edilir.

Festivalın təşkili üçün ayrılan vəsaitə gəldikdə isə tender satınalma portalında keçirilmədiyindən nələr üçün nə qədər vəsait xərclənəcəyi aydın deyil. Ancaq əvvəlki illərdə tədbirin təşkili üçün ayrılan vəsaitə və xərc istiqamətlərinə baxdıqda məlum olur ki, ayrılan vəsaitlər indikindən 1 milyon manat az olub.

Belə ki, 2022-ci ildə səhnə və səs avadanlıqlarının icarəsi, həmçinin qonaqların mehmanxanada yerləşdirilməsi və qidalanmasına ümumilikdə 924 min manat xərclənib.

Hazırda yaranan 1 milyon manatlıq fərqin nəyə xərclənəcəyi isə izah olunmur.

Bəs “AQS Group” MMC-nin rəhbərliyi kimdir? 

Dövlət Vergi Xidmətinin məlumatlarından aydın olur ki, “AQS Group” MMC 2013-cü ildə yeni yaradılanda, onun təsisçisi və qanuni təmsilçisi Abdullayev Sabiq Sabir oğlu olub. 

Sabiq Abdullayev həmin vaxtlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru olub. O, 2015-ci ildə xidmət rəisinin köməkçisi kimi çalışıb. 

Ancaq “Abzas Media”nın Sabiq Abdullayevlə bağlı əldə etdiyi məlumatlardan aydın olur ki, o, yüksək dövlət vəzifəsi tutduğu vaxt da biznes fəaliyyətini hələ uzun müddət davam etdirib. 

Belə ki, o, özü ilə bağlı məlumatlarda qeyd edir ki, 2018-ci ildən etibarən “AQS Group” MMC-nin rəhbəridir. 

“Korrupsiya haqqında” Qanunun 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiya ilə əlaqədar hüquqpozma halıdır.

Ancaq Sabiq Abdullayev bu müddətdə nəinki intizam məsuliyyətinə cəlb olunub, hətta vəzifə pillələrində irəliləyib. O, 2017-ci ilin fevralında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Vergi Xidmətinin arxiv məlumatlarından o da aydın olur ki, şirkət yaranandan bu günə qədər olan müddətdə müxtəlif illərdə bir neçə qanuni təmsilçisi olub.

“Xarıbülbül” Musiqi Festivalı Şuşa şəhərində keçirilən beynəlxalq tədbirdir. İlk dəfə mərhum xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi münasibətilə 1989-cu ildə təşkil olunub.

Azərbaycan torpaqlarının işğalı səbəbindən festival 1992-ci ildən etibarən keçirilməyib.

İkinci Qarabağ müharibəsində torpaqların işğaldan azad olunmasından sonra festivalın keçirilməsinə yenidən başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun