Şənbə axşamı ABŞ prezidenti Donald Tramp Amerika bombardmançılarının İranın üç nüvə obyektinə hava zərbələri endirdiyini açıqlayıb. Zərbələr Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən obyektlərə yönəlib.
“Bizim məqsədimiz İranın uranı zənginləşdirmə potensialını məhv etmək və dünyada terrorizmin əsas himayədarlarından biri olan bu dövlətin yaratdığı nüvə təhdidini neytrallaşdırmaq idi. Bu gün dünya ictimaiyyətinə bildirmək istəyirəm ki, əməliyyat son dərəcə uğurlu keçib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə məhv edilib”, – deyə Tramp bəyan edib.
ABŞ prezidenti İran hakimiyyətini sülh danışıqlarına çağırıb və əks halda daha genişmiqyaslı zərbələrin qaçılmaz olacağı ilə hədələyib.
ABŞ mətbuatının Tramp administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, hücumlarda Missurinin hərbi hava bazasından havaya qalxan və 37 saat havada qalan B-2 strateji bombardmançıları, həmçinin ABŞ-nin sualtı qayıqları iştirak edib.
Fordoya endirilən zərbələrdə altı bombardmançı 12 bomba atıb. Nətənz və İsfahandakı hədəflər isə ABŞ-nin sualtı qayıqlarından buraxılan qanadlı raketlərlə vurulub. İran rəsmiləri bu üç nüvə obyektinin hücuma məruz qaldığını təsdiqləyib. Lakin bazar günü səhərədək zərbələrin dəqiq nəticələrini müstəqil mənbələr təsdiqləməyib.
Qeyd olunur ki, B-2 təyyarələri xüsusi bunkerə qarşı bombalarla təchiz oluna bilir və bu bombalar İsrail aviasiyası üçün əlçatmaz olan dərin yeraltı obyektləri, o cümlədən Fordodakı nüvə kompleksini də vura bilər. İran mediasının yazdığına görə, Fordo kompleksi 90 metr dərinlikdə yerləşir və amerikalıların hücumundan ciddi ziyan görməməlidir.
ABŞ-nin hava zərbələrindən sonra İsrailin baş naziri Benyamin Netanyahu Trampın qərarını yüksək qiymətləndirib.
“Prezident Tramp dünyada ən təhlükəli rejimi onun ən təhlükəli silahından məhrum etmək üçün qətiyyətli addım atdı. Sizi təbrik edirəm, cənab prezident. İranın nüvə obyektlərinə qarşı bu cəsarətli qərarınız tarixin gedişatını dəyişəcək”, — deyə Netanyahu vurğulayıb.
İki gün əvvəl Donald Tramp bildirib ki, İranın nüvə obyektlərinə mümkün hava zərbələri ilə bağlı qərarı iki həftə ərzində verəcək. İsrail ABŞ-ni bu addımı atmağa çağırırdı, çünki arsenalında yerin dərin qatlarında yerləşən nüvə infrastrukturlarını məhv edəcək gücdə bombalar yoxdur.
ABŞ-nin hücumuna cavab olaraq iyunun 22-si səhər saatlarında İran İsrailə raket hücumu həyata keçirib. Nəticədə İsraildə 20-dən çox insan yaralanıb.
İsrail Müdafiə Ordusunun məlumatına görə, İran bu hücum üçün 20-30 ballistik raketdən istifadə edib. Raket və qəlpə ziyanı barədə məlumatlar ölkənin ondan çox müxtəlif bölgəsindən daxil olub.
Təl-Əviv, Nes Tsiona və Hayfa şəhərlərinin yaşayış məhəllələrinə raketlər düşüb. İran hərbçiləri bəyan ediblər ki, əsas hədəflər Təl-Əvivdəki Ben-Qurion hava limanı, həmçinin müxtəlif hərbi-logistika və elmi mərkəzlər olub.
İran mediasının yazdığına görə, İsrailə “Heybər” tipli raket buraxılıb. Bu raket yüksək dəqiqliyə malikdir, manevr qabiliyyəti yüksəkdir və digər analoji raketlərə nisbətən daha dayanıqlı döyüş başlığı ilə təchiz olunub.
Cavab olaraq, İsrail Müdafiə Ordusu İranın qərbində yerləşən bir sıra hərbi obyektlərə aviazərbələr endirib.
“Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri raket qurğularını, İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərlərini və İsrail ərazisinə raket buraxmış qurğuları qısa müddətdə sıradan çıxarıb”, — deyə İsrail ordusunun yaydığı açıqlamada qeyd olunub.