“Abzas Media”nın direktoru Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur

“Abzas Media”nın direktoru Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur
30 İyun 2025
Mətni dəyiş

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən media qurumunun direktoru Ülvi Həsənlidən 5 gündür xəbər alınmır. Bu barədə məlumatı jurnalistin ailəsi yayıb.

Bildirilir ki, Həsənli iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Eyni iş üzrə həbs edilərək həmin müəssisəyə aparılan digər jurnalistlər artıq ailələri ilə əlaqə saxlayıb görüşsələr də, Ülvi Həsənli hələ də ailəsi ilə telefon danışığı belə edə bilməyib.

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib ki, məsələ ilə bağlı Penitensiar Xidmətin qaynar xəttinə müraciət edib, müraciətin qeydə alındığı bildirilib. Ombudsman Aparatına edilən zənglər isə cavabsız qalıb.

Məlumata görə, Ülvi Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı Penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda aclıq aksiyasına başlayacağını bildirib. Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (“kars”) salınmasından narahatdır.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “Abzas Media işi” üzrə hökm oxunub. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

2023-cü ilin noyabrında “Abzas Media”nın direktor və əməkdaşları korrupsiya araşdırmaları apardıqları bir vaxtda həbs olunmuşdu. Ötən il mayda “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “Abzas Media” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.

Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun