Amnesty: “Jurnalistləri həbs etməklə Azərbaycan hökuməti ölkədə onlara meydan oxumağa cəsarət edən hər kəsə gözdağı verir”

Amnesty: “Jurnalistləri həbs etməklə Azərbaycan hökuməti ölkədə onlara meydan oxumağa cəsarət edən hər kəsə gözdağı verir”
21 İyun 2025
Mətni dəyiş

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media işi” üzrə yeddi jurnalistə uzunmüddətli həbs cəzası verilməsini qınayan bəyanat yayıb.

Bəyanatda deyilib ki, Azərbaycanda məhkəmə sistemi müstəqil jurnalistikanın boğulması üçün silaha çevrilib.

““Abzas Media işi” bunu bir daha sübut edir və beynəlxalq ictimaiyyətin güclü reaksiyasını tələb edir. Yüksək səviyyəli korrupsiya faktlarını ifşa edən jurnalistlərə qarşı uydurma iqtisadi ittihamlar irəli sürməklə Azərbaycan hakimiyyəti ölkədə onlara meydan oxumağa cəsarət edən hər kəsə gözdağı verir. Bu, qəbuledilməzdir və beynəlxalq aləmdən sərt və aydın cavab almalıdır”, - təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Straters bildirib.

Bəyanatda vurğulanıb ki, Azərbaycanda bu gün baş verən siyasi repressiyalar olduqca dərin və sistemlidir.

“Təəssüf ki, beynəlxalq ictimaiyyət hələ də insan haqlarını müdafiə etmək üçün vahid və prinsipial mövqe ortaya qoya bilmir. Bunun əksinə olaraq, Avropa İttifaqı kimi əsas oyunçular Prezident İlham Əliyevlə daha sərfəli qaz sazişləri əldə etmək naminə fəal əməkdaşlığı davam etdirirlər”.

Mari Straters əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə qarşı real təzyiq göstərməli, “Abzas Media” jurnalistlərini, habelə “Toplum TV”, “Meydan TV”, “Kanal 13”ün həbsdə olan əməkdaşlarını və ifadə azadlığından istifadə etdiyinə görə saxlanılan digər bütün hökumət tənqidçilərini dərhal azad etməyə çağırmalıdır.

O vurğulayıb ki, hökumətin müxalif səsləri boğmaq məqsədi daşıyan sistemli kampaniyasına son qoyulmalıdır.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilən 7 jurnalistə – direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, tərcüməçi Məhəmməd Kekalov və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehrəlizadəyə – 7,5 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası verib. Onlara qarşı irəli sürülən ittihamlar sırasında “valyuta qaçaqmalçılığı”, “çirkli pulların yuyulması”, “vergidən yayınma” və “sənədlərin saxtalaşdırılması” yer alıb.

“Amnesty Internatinal” bildirib ki, ittihamlar geniş şəkildə Prezident İlham Əliyevin ailəsi və yaxın ətrafındakı korrupsiya faktlarını araşdırdıqlarına görə, jurnalistlərə qarşı qisas xarakterli tədbir kimi qiymətləndirilir.

“Abzas Media”nın reportajlarında müharibədən sonra Qarabağda bərpa işləri və dövlətə bağlı şirkətlərlə əlaqəli qeyri-qanuni maliyyə şəbəkələri ifşa olunub. Məhkəmə prosesi zamanı müdafiə tərəfi bir sıra prosessual pozuntuları, təqsirləndirilənlərə və şahidlərə təzyiqləri, eləcə də etibarlı sübutların olmamasını diqqətə çatdırıb. Bir sıra şahidlər əvvəlki ifadələrini geri götürüb və ya onların doğru olmadığını bildirib, təqsirləndirilən şəxslər isə həbsdə pis rəftar barədə məlumat veriblər.

Hazırda Azərbaycanda ən azı 25 jurnalist həbsdədir. Ölkə 2001-ci ildə Avropa Şurasına üzv olandan bəri, siyasi motivli ittihamlarla ən çox jurnalisti həbs etmiş dövlətlərdən biri sayılır.

Azərbaycan hökuməti isə birqayda olaraq jurnalistləri peşə fəaliyyətinə görə həbs etmədiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun