Avropa Parlamenti: “Azərbaycanda jurnalistlər və fəalların sərt həbs cəzaları siyasi repressiyaların yeni mərhələsidir”

Avropa Parlamenti: “Azərbaycanda jurnalistlər və fəalların sərt həbs cəzaları siyasi repressiyaların yeni mərhələsidir”
27 İyun 2025
Mətni dəyiş

Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsinin sədri Munir Saturi, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Nils Uşakovs və Azərbaycan üzrə daimi məruzəçi Dan Barna Azərbaycanda son günlərdə jurnalistlərə, tədqiqatçılara və fəallara qarşı verilən sərt həbs cəzalarını pisləyən birgə bəyanat yayıblar.

“Azərbaycanda siyasi motivli işlər üzrə jurnalist, tədqiqatçı və fəallara qarşı tətbiq edilən şokedici dərəcədə sərt həbs cəzalarından dəhşətə gəlmişik. Onların və digər siyasi məhbusların heç biri ümumiyyətlə mühakimə olunmamalı idi. Lakin bu qeyri-adi ağır cəzalar Azərbaycanda rejim tənqidçilərinə qarşı amansız repressiyaların daha bir mərhələyə keçdiyini göstərir,” – deyə bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanır ki, iyunun 23-də Praqadakı Çarlz Universitetinin tədqiqatçısı və Ermənistanla Azərbaycan arasında sülhü müdafiə edən fəal Bəhruz Səmədov “dövlətə xəyanət” ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib.

İyunun 20-də isə “Abzas Media” müstəqil media platformasının üzvləri - direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova, layihə koordinatoru və ictimai fəal Məhəmməd Kekalov, eləcə də “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə xarici valyuta qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə bağlı saxta ittihamlarla 7 ildən 9 ilə qədər həbs cəzaları alıblar.

“Abzas Media” əməkdaşlarının 2023-cü ilin noyabrında həbsi hazırkı repressiya dalğasının başlanğıcı kimi qiymətləndirilir, Fərid Mehralızadə isə 2024-cü ilin mayında saxlanılıb.

Bəyanatda qeyd edilir ki, bir neçə həftə əvvəl talış tədqiqatçısı, Talış Milli Akademiyası Xəbər jurnalının baş redaktoru İqbal Əbilov “dövlətə xəyanət” ittihamı ilə 18 il həbs cəzası alıb, müxalifət fəalı Tofiq Yaqublu isə bu ilin martında saxta məhkəmə prosesi ilə 9 il azadlıqdan məhrum edilib. 

Avropa Parlamenti vurğulayır ki, son illərdə Azərbaycanda siyasi məhbusların sayı sürətlə artaraq təxminən 400-ə çatıb.

Avropa Parlamenti bəyan edir ki, Avropa İttifaqının Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməlidir.

Eyni zamanda, Avropa Xarici Fəaliyyət Xidmətini və Aİ-nin Ali Nümayəndəsini Azərbaycandakı rejimi daha da cəsarətləndirəcək addımlardan çəkinməyə çağırır.

Bəyanatın sonunda Avropa Parlamenti bir daha bildirir ki, gələcəkdə Aİ ilə Azərbaycan arasında imzalanacaq istənilən tərəfdaşlıq sazişi ölkədə bütün siyasi məhbusların azadlığa buraxılması və insan haqları vəziyyətinin yaxşılaşdırılması şərti ilə mümkün olmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun