Beynəlxalq Mətbuat İnstitutu: "Bu addımlar Prezident Əliyevin mətbuat azadlığı prinsiplərinə tamamilə hörmətsiz yanaşdığını nümayiş etdirir”

Beynəlxalq Mətbuat İnstitutu: "Bu addımlar Prezident Əliyevin mətbuat azadlığı prinsiplərinə tamamilə hörmətsiz yanaşdığını nümayiş etdirir”
24 İyun 2025
Mətni dəyiş

Beynəlxalq Mətbuat İnstitutu (IPI) “Abzas Media işi” çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzunmüddətli həbs qərarlarını qətiyyətlə pisləyib. Təşkilat bununla bağlı iyunun 23-də bəyanat yayıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, layihə koordinatoru Məhəmməd Kekalov 7 il yarım, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında bildirilib ki, jurnalistlərin yeganə “cinayəti” Azərbaycan hakim elitasının korrupsiya faktlarını ictimailəşdirmək olub.

“Onlara qarşı irəli sürülmüş “xarici valyuta qaçaqmalçılığı” ittihamlarının reallıqla heç bir əlaqəsi yoxdur və bu, yalnız jurnalistləri həbsə atmaq üçün düşünülmüş bəhanədən başqa bir şey deyil. Onlara kəsilən bu ağır cəzalar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyətinin mətbuat azadlığı prinsiplərinə tamamilə hörmətsiz yanaşdığını nümayiş etdirir”, - deyə IPI-nin Şərqi Avropa üzrə advokasiya rəhbəri Karol Luçka bildirib.

Bəyanatda qeyd edilir ki, bu hökm son aylarda Azərbaycanda artan jurnalist həbsləri dalğasının davamıdır.

Həbslər ilk dəfə 2023-cü ilin noyabrında “Abzas Media”nın təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının saxlanılması ilə başlayıb.

Daha sonra “Abzas Media”nın digər əməkdaşları - Məhəmməd Kekalov, Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova da eyni ittihamlarla həbs edilib. Araşdırmaçı jurnalistika platforması olan “Abzas Media” hakimiyyət daxilində yüksək səviyyəli korrupsiya faktlarını ortaya çıxarıb.

2024-cü ilin may ayında saxlanılan jurnalist Fərid Mehralızadəyə də eyni ittiham irəli sürülüb. Halbuki “Abzas Media” bəyan edib ki, Mehrəlizadənin onların redaksiyası ilə heç bir əməkdaşlıq əlaqəsi olmayıb. Mehralızadə “Azadlıq Radiosu”nun Azərbaycan xidməti ilə əməkdaşlıq edir və “Abzas Media”da sadəcə ekspert qismində müsahibəsi dərc olunub.

Hafiz Babalı isə 2023-cü ilin dekabrında eyni ittihamla həbs edilib və istintaq təcridxanasına yerləşdirilib. O, müstəqil "Turan" informasiya agentliyinin iqtisadiyyat bölməsinin rəhbəri olub. Hakimiyyətin onu “Abzas Media” ilə hansı əsaslarla əlaqələndirdiyi isə aydın deyil.

IPI bildirir ki, Azərbaycanda jurnalistlərin kütləvi həbsləri davam edir və müxtəlif ittihamlarla 20-yə yaxın jurnalist məhkəmə qarşısını gözləyir. Təşkilatın monitorinqinə əsasən, ölkə üzrə ən azı 25 media işçisi hazırda həbsdə saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun