Beynəlxalq təşkilatlar məhkəmə öncəsi “Abzas Media” işi üzrə həbs edilən jurnalistlərin azadlığını tələb edir

Beynəlxalq təşkilatlar məhkəmə öncəsi “Abzas Media” işi üzrə həbs edilən jurnalistlərin azadlığını tələb edir
20 İyun 2025
Mətni dəyiş

Beynəlxalq insan haqları təşkilatları “Abzas Media işi” üzrə bu gün keçiriləcək növbəti məhkəmə prosesindən əvvəl bir daha jurnalistlərin azadlığa buraxılması üçün çağırış ediblər.

Mayın 20-də dövlət ittihamçısı bu iş üzrə təqsirləndirilən şəxslərə ümumilikdə 80 il cəza istəyib.

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya Regional İdarəsinin müraciətində bildirilir ki, jurnalistlər bu müddət ərzində hədələrlə, təzyiqlərlə və ədalətsizliklə üzləşiblər.

“Jurnalistlərin yeganə “cinayəti” həqiqəti ictimaiyyətə çatdırmaq olub. Onlar dərhal azadlığa buraxılmalıdır” – təşkilatın bəyanatında deyilir.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Gulnoza Səid deyib ki, Azərbaycan hakimiyyətinin altı “Abzas Media” əməkdaşı və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehrəlizadə üçün ümumilikdə 80 il həbs cəzası tələb etməsi ölkədə müstəqil medianın sıxışdırılması deməkdir.

“Bu prosesdə çıxacaq hökm əslində Azərbaycanın müstəqil jurnalistikanı tamamilə məhv edib-etməyəcəyinə dair hökm olacaq. Hazırda ölkədə daha 20-yə yaxın jurnalist bənzər ittihamlarla məhkəmə qarşısına çıxarılır. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyət açıq şəkildə bildirməlidir ki, əgər Azərbaycan hakimiyyəti jurnalistlərin kütləvi həbsi praktikasını davam etdirərsə, bunun fonunda əvvəlki kimi normal münasibətlər mümkün olmayacaq”, – deyə Gulnoza Səid vurğulayıb.

Bu gün – iyunun 20-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Jurnalistlərin son sözləri ilə çıxış edəcəyi və onlara yekun hökmün oxunacağı gözlənilir.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə heç bir əməkdaşlıq əlaqəsinin olmadığını bildirib.

Bu iş üzrə həbs edilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrində ittiham olunurlar.

Hakimin ittihamedici qərar çıxaracağı təqdirdə jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun