Bəhruz Bayramov: "27 cildlik istintaq materiallarında təqsirləndirilənlərin mütəşəkkil dəstə üzvləri olmaları ilə bağlı heç bir sübut yoxdur"

Bəhruz Bayramov: "27 cildlik istintaq materiallarında təqsirləndirilənlərin mütəşəkkil dəstə üzvləri olmaları ilə bağlı heç bir sübut yoxdur"
16 İyun 2025
Mətni dəyiş

“Abzas Media işi” çərçivəsində həbs edilən jurnalist Elnarə Qasımovanın vəkili Bəhruz Bayramov iyunun 10-da keçirilən növbəti məhkəmə prosesində çıxış edib.

Bəhruz Bayramov çıxışında bildirib ki, ötən il yanvarın 13-də həbs olunanadək Cinayət işinin heç bir yerində jurnalist Elnarə Qasımovanın sadalanan əməlləri törətməsinə dair fakt və sübuta rast gəlinmir. Ancaq buna baxmayaraq, onu həbs ediblər. Vəkilin sözlərinə görə, buna səbəb isə onun jurnalist kimi fəaliyyətini davam etdirməsi olub.

Bəhruz Bayramovun məhkəmədəki çıxışı:

Müvəkkilim Elnarə Qasımova və təqsirləndirilən digər 6 şəxs qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və digər maliyyə cinayətlərində ittiham olunurlar. Onlar 2023-cü ilin noyabrından etibarən həbs olunublar.

Müvəkkilim Elnarə Qasımova həbs olunanadək Cinayət işinin heç bir yerində onun bu cinayətləri törətməsinə dair faktlar, sübutlar meydana çıxmayıb. Amma buna baxmayaraq, onu 2024-cü ilin yanvarın 13-də həbs etdilər. Buna səbəb isə onun jurnalist kimi fəaliyyətini davam etdirməsi idi.

Ali Məhkəmənin 2016-cı ildəki Plenum qərarında konkret olaraq göstərilib ki, şəxs gömrük sərhəddini keçərkən üzərindən qadağan olunmuş məbləğdə vəsait çıxarsa, cinayət məsuliyyətinə cəlb oluna bilər. Təqsirləndirilən şəxslərin heç biri isə gömrük sərhəddini keçərkən qadağan olunmuş məbləğlə yaxalanmayıb.

“Mütəşəkkil dəstə” anlayışı haqda da danışmaq istəyirəm. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, “mütəşəkkil dəstə” anlayışının iki əsas kriteriyası var: Əvvəlcədən cinayət törətmək niyyəti ilə birləşmə (məhz bu xüsusiyyət mütəşəkkil dəstəni hər hansı birləşmə növündən ayırır); Mütəşəkkil dəstədə üzvlər arasında cinayətkar vəzifələrin konkret müəyyən edilməsi. 

Bununla bağlı sübutlar olmalıdır. Pulu haradan və necə gətirdikləri, neylədikləri iş materiallarında göstərilməlidir. Amma 27 cildlik istintaq materiallarında bu iddia ilə bağlı heç bir sübut yoxdur.

Belə çıxır ki, təqsirləndirilənlər Gömrük Komitəsi ilə əlbir olublar. Çünki sərhəddən o qədər pul keçirib yaxalanmamaq mümkün deyil. Bu yaxınlarda sərhəddən qanunsuz qızıl keçirmək istəmişdilər. O zaman buna kömək edən gömrük işçiləri də həbs olunmuşdu. Çünki onlar birgə fəaliyyət göstərmişdilər. Mütəşəkkil dəstə elə olur.

Bu cinayət işi o qədər absurd və şablondur ki, hətta eyni qərarlar digər işlərdə də olduğunu kimi heç nə dəyişilmədən istifadə olunur. Məsələn, “Toplum TV işi” üzrə həbs olunan Ruslan İzzətli ilə bağlı həbs qətimkan tədbiri qərarında qeyd olunub ki, o, “Abzas Media işi” üzrə həbs olunub. Apellyasiya Məhkəməsi də eyni şablondan istifadə edərək Ruslan İzzətlinin 2023-cü ilin noyabrında Ülvi Həsənli, Sevinc Vaqifqızı və digərləri ilə birlikdə həbs olunduğunu qeyd edib. Halbuki o, 2024-cü il martın 8-də həbs olunub.

Bütün bu faktlar cinayət işinin nə qədər qanunsuz və saxta olduğunu bir daha sübut edir. 

Hakimlərə bildirmək istəyirəm ki, biz burada çıxış etsək də, ədalətli qərarın verilməyəcəyini yaxşı bilirik. Burada sizin edəcəyiniz bir şeyin olmadığı da gün kimi aydındır. Ən azından mən buna əminəm. Çünki burada məsələləri siz həll etmirsiniz. Yuxarıdan nə deyilsə, onu da edəcəksiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun