CPJ: “Bu ağır hökmlər Azərbaycan hakimiyyətinin ölkədə qalan azad medianı da məhv etmək niyyətini açıq şəkildə göstərir”

CPJ: “Bu ağır hökmlər Azərbaycan hakimiyyətinin ölkədə qalan azad medianı da məhv etmək niyyətini açıq şəkildə göstərir”
24 İyun 2025
Mətni dəyiş

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycanda media nümayəndələrinin əsassız ittihamlarla həbsini müstəqil jurnalistikanı tamamilə susdurmaq cəhdi kimi qiymətləndirir.

Təşkilat bununla bağlı iyunun 23-də yaydığı bəyanatda bildirir ki, iyunun 20-də Azərbaycanda korrupsiya araşdırmaları edən müstəqil media platforması “Abzas Media”nın altı əməkdaşı valyuta qaçaqmalçılığı, çirkli pulların yuyulması və vergidən yayınma kimi bir neçə maliyyə cinayətində təqsirli bilinərək 7 ildən 9 ilədək cəzalarla üzləşib.

Belə ki, platformanın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, layihə koordinatoru Məhəmməd Kekalov 7,5 il azadlıqdan məhrum edilib.

Həmçinin, ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin əməkdaşı Fərid Mehralızadə də eyni iş üzrə 9 il həbs cəzası alıb.

Bundan başqa, son qapalı məhkəmə proseslərində köşə yazarı və sülh fəalı Bəhruz Səmədov vətənə xəyanət ittihamı ilə 15 il həbs cəzası alıb. Prosesdən əvvəl o, aclıq aksiyasına başladığını elan edib və intihara cəhd edib.

“”Abzas Media işi” üzrə yeddi jurnalistə və köşə yazarı Bəhruz Səmədova qarşı bu ağır hökmlər Azərbaycan hakimiyyətinin ölkədə qalan azad medianı da məhv etmək niyyətini açıq şəkildə göstərir. Xüsusilə Səmədovun intihara cəhd etməsi ciddi narahatlıq doğurur. Hakimiyyət onun sağlamlığını təmin etməli və bütün haqsız yerə həbs olunan jurnalistləri dərhal azad etməlidir.”- deyə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya Proqramının rəhbəri Gulnoza Səid bildirib.

“Abzas Media” CPJ-yə verdiyi açıqlamada əməkdaşlarına qarşı irəli sürülən ittihamları “absurd və qondarma” adlandırıb və onların yeganə “təqsiri”nin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarını ictimailəşdirmək olduğunu bildirib.

“Azadlıq Radiosu” isə Mehralızadənin cəzasını “səhnələşdirilmiş” və “lüzumsuz dərəcədə qəddar” adlandırıb.

CPJ-nin məlumatına görə, 2023-cü ilin sonlarından bəri Azərbaycanda azı 20 jurnalist xarici donor vəsaiti almaqda ittiham edilərək həbs edilib. Bu, Qərblə münasibətlərin pisləşməsi və ölkədə avtoritarizmin artması fonunda baş verir.

Son hesabatda Azərbaycan dünyada ən çox jurnalist həbs edən ölkələrdən biri kimi qeyd olunub, 2024-cü il dekabrın 1-nə olan məlumata əsasən, ölkədə azı 13 jurnalist həbsdədir.

CPJ bəyan edir ki, Azərbaycanın qanunvericiliyinə əsasən, xarici qrantların qeydiyyatının pozulması yalnız inzibati qaydada cərimə ilə cəzalandırılmalıdır, cinayət məsuliyyəti nəzərdə tutulmur. Lakin hakimiyyət QHT-lərə və müstəqil media qurumlarına xarici maliyyələşməyə icazə verməkdən sistematik şəkildə imtina edir və repressiv metodlara əl atır.

Hazırda “Toplum TV”nin beş və Meydan TV-nin on əməkdaşı da eyni ittihamlarla məhkəmə qarşısına çıxarılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun