“Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib, FTX əməkdaşlarının saxlanıldığı bildirilir

“Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib, FTX əməkdaşlarının saxlanıldığı bildirilir
30 İyun 2025
Mətni dəyiş


Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan” agentliyinin Bakıdakı ofisində əməliyyat keçirib, əməliyyat zamanı saxlanılanlar var.

Hökumətə yaxın APA İnformasiya Agentliyi yazır ki, əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

Məlumata görə, iyunun 30-u səhər saatlarından etibarən “Sputnik Azərbaycan”ın ofisində əməliyyat davam edir.

Azərbaycan hökuməti yanvardan etibarən xarici media orqanlarının Azərbaycanda fəaliyyət göstərən ofislərinin qapadılması ilə bağlı qərar çıxarıb.

Qərardan sonra "BBC", "Amerikanın Səsi" və bu kimi müstəqil media orqanlarının Bakı ofislərinin əməkdaşları işə çıxa bilməyib. 

Bu dövrdə Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan”ın fəaliyyətinin dayandırılması ilə bağlı da qərar çıxarılmışdı. 

Hökumət qərarı onunla əsaslandırırdı ki, Azərbaycanın dövlət mediasının xaricdə, xarici jurnalistlərin isə ölkədə fəaliyyətində qarşılıqlı bərabərlik prinsipini təmin edirlər. 

İyunun 30-da “Sputnik Azərbaycan”ın ofisinə əməliyyatların fonunda hökumət mediası yazır ki, həmin qərarlardan sonra sayt fəaliyyətini davam etdirib, məhz buna görə hüquqi tədbirlər görülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun