“Abzas Media”nın jurnalisti Elnarə Qasımova iyunun 20-də keçirilən məhkəmə prosesində son söz ilə çıxış edib.
Jurnalist 8 il müddətinə azadlıqdan məhrum edilib.
Elnarə Qasımovanın son sözünün tam mətni:
Nobel mükafatçısı Svetlana Alekseyeviç yazır ki, “Susmaq olmaz, iblisə güzgü göstərmək lazımdır. Qoy, elə fikirləşməsin ki, gözəgörünməzdir və özündən sonra iz saxlamır”. Bu gün də qanunsuzluqların izinə düşən olmasın deyə, Azərbaycan hökuməti onların bu əməllərinə güzgü tutan jurnalistlərin izinə düşüb, saxta ittihamlarla həbs etdirib. Media mənsublarına qarşı 2023-cü ilin noyabrından yeni repressiya dalğasına başlanıb. Abzasçılarla başlayan bu dalğa 2025-ci ildə digər həmkarlarımızın həbsi ilə hələ də davam edir.
Jurnalist həbslərinin fonunda bu il həm də “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Zərdabinin təməlini qoyduğu Azərbaycan mətbuatının 150 yaşı olur. Doğru sözü ayaqları altına alan İlham Əliyev isə həmin günün təntənəli surətdə keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 30-a yaxın jurnalistin həbsdə olduğu dövrdə həmin günü təntənəli keçirmək istəyən Əliyev Bakı İstintaq Təcridxanasına və digər həbs yerlərinə təşrif buyura bilər. Çünki saxlanıldığımız təcridxananın hər korpusunda, az qala hər mərtəbəsində peşə fəaliyyətinə görə həbs edilən mətbuat nümayəndələri var. Bizim hər birimiz eyni adamın sifarişi ilə həbs edilmişik, aşağı-yuxarı eyni maddələrlə ittiham edilirik. Ən əsası isə hamımız niyə həbs edildiyimizi yaxşı bilirik: İlham Əliyevin Zərdabinin nəzərdə tutduğu “doğru söz”ə dözümsüzlüyünə görə. Elə bu dözümsüzlük səbəbindəndir ki, Azərbaycan Dünya Mətbuat Azadlığı indeksində 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Əlinə kamera alan hər kəsin həbsxana kameralarına göndərildiyi dövrdə bu, heç də təəccüblü deyil.
Bəs bizi həbsxana kameralarına göndərmək üçün nələri uydurmalı oldular?
Bizə qarşı cinayət işi yeni başladılanda sadəcə qaçaqmalçılıqda təqsirləndirilirdik. Daha sonra əlavə ittihamlar irəli sürüldü. Beləcə, ittiham olunduğumuz maddələrin sayı 7-yə qaldırıldı. Müstəntiq Toğrul Hüseynovun da dediyi kimi, maddələrimizin sayı bizim sayımıza uyğunlaşdırıldı. Onun zarafatla dediyi bu sözlər əslində reallığı əks etdirir. Yoxsa ki, təqsirləndirildiyimiz 7 maddənin nə məntiqli əsaslandırılması var, nə də isbatı.
İttiham aktında yazılanlara görə biz mütəşəkkil dəstə halında bir sıra cinayət əməli törətməkdə təqsirli bilinirik. Əslində isə biz “mütəşəkkil dəstə” kimi sadəcə xəbər istehsalı ilə məşğul olmuşuq. Doğru xəbər vermək isə cinayət əməli hesab olunurmuş. İndiyə qədər ortaya ittihamın doğruluğunu təsdiqləyən dəlil qoyulmayıb. Sübut kimi sadəcə Kekalovun adından ibtidai istintaq zamanı düzüb-qoşulan və məhkəmə zamanı imtina etdiyi ifadə əsas götürülür. Orada yazılanlardan biri budur ki, guya biz heyətlə birlikdə xaricdən eyni təyyarə reysi ilə ölkəyə pul gətirmişik. Halbuki biz heç vaxt birlikdə səfər etməmişik və pul gətirməmişik. Bunu iş materiallarındakı sərhədkeçmə məlumatları da təsdiqləyir. Üstəlik məlum olmur ki, biz iddia olunduğu kimi pul vəsaitlərini nə vaxt, necə gətirmişik?
Əgər diqqətlə nəzər yetirsəniz görərsiniz ki, iş materiallarında da bizim məhz jurnalist fəaliyyətimizə görə həbs edildiyimiz ortaya çıxır. Üstəlik şahid ifadələrində də bizim hər hansı cinayət törətməyimizlə bağlı məlumat göstərilməyib. Şahid qismində dindirilənlərin bir qismi bəzilərimizi tanımadığını, bəzilərimizi isə məhz jurnalist kimi tanıdıqlarını bildiriblər.
Bəs əslində biz niyə həbs edilmişik?
Daha əvvəl də dediyimiz kimi, biz İlham Əliyev və onun vəzifəyə təyin etdiyi məmurlarla bağlı “Abzas Media”da yayımlanan araşdırmalara görə həbs edilmişik. Həbsdəyik, çünki hökümət mediasında sözünə yer olmayanların sözünü çatdırmışıq, onlara mikrofon uzatmışıq. Olanların niyə və necə baş verdiyini, verilən qərarların onlara necə təsir edəcəyini vətəndaşlara göstərmişik. Ona görə həbs edilmişik ki, İlham Əliyev hər sahədə olduğu kimi mətbuat üzərində də nəzarət sahibi olmaq istəyir. Bu səbəbdən də peşə fəaliyyətinə nəzarət edə bilmədiyi jurnalistləri onları göndərdiyi təxridxanada nəzarətdə olanlar siyahısına yazdırıb. Bununla belə, dəmir barmaqlıqlar arxasından da davam etdirdiyimiz jurnalist fəaliyyətimizi nəzarət altında saxlaya bilmir. Çünki söz azaddır. Bu qədər jurnalisti qapalı qutu kimi qoruduqları həbsxanalara göndərəndə bilməliydi ki, həmin jurnalistlər o qutunun qapağını qaldırıb içindəkiləri göstərəcək.
Bayaq da dediyim kimi, İlham Əliyev Milli Mətbuat Gününü təntənəli keçirmək istəyirsə, Bakı İstintaq Təcridxanasına təşrif buyursun. Gəlsin və biz ona göstərək ki, təcridxana rəhbərliyi onun idarəetmə üsulunu özünə necə rol model seçib. Onun “bir polis əməkdaşı belə cəzalandırılmayacaq” deyərək polislərin zorakı davranışına yandırdığı yaşıl işığın şöləsi təcridxanaya qədər necə çatır. Belə ki, dustaqlara zorakılıq edənlər cəzalandırılmır, bəzi hallarda hətta təltif olunurlar.
İlham Əliyevə göstərək ki, divarlarından “işgəncəyə yox deyək!” lövhələri asılan təcridxana dəhlizində rəis müavini zorakılıqla bağlı necə bəh-bəhlə danışır.
İlham Əliyevə göstərək ki, onun korrupsiya ənənəsi bu müəssisədə layiqincə necə davam etdirilir. Göstərək ki, təcridxana rəisi yığdığı rüşvətin bir hissəsini xeyriyyə işlərinə xərcləməyindən necə ağız dolusu danışır. Əməkdaşlar maaş azlığına görə rüşvət dövriyyəsi ilə necə məşğul olur. İlham Əliyevə göstərək ki, təcridxanada telefon danışıqları, açıq görüşlər, bəzi xırda “imtiyazlar” həbs edilmiş şəxslərə neçəyə satılır.
Göstərək ki, həbs edilmiş şəxslərin haqqı olan mal və məhsullar yeyinti səbəbindən onlara necə yarıtmaz formada verilir, ya da heç verilmir.
Amma çətin ki, prezident onun üsullarının tətbiq olunduğu bu yerdəki mənzərini görmək istəyər. Elə bu və digər həqiqətləri görmək istəmədiyindən bu gün biz qərarları əslində onun verdiyi məhkəməyə çıxarılmışıq. Ötən proseslərin birində dövlət ittihamçısının dediyi “11-12” rəqəmlərinin də altında eyni adamın imzası var. Rauf Malışova əslində sadəcə Prezident Administrasiyasından gələn sifarişin səsləndirilməsini etmək düşürdü. Dövlət ittihamçısının istədiyi işin müddəti, veriləcək qərar heç kimi narahat etməsin. Bu rəqəmlər, həbslər sadəcə qorxu mühiti yaratmağa hesablanıb. Mətbuatın müstəqilliyindən qorxanlar yerdə qalan müstəqil jurnalistləri, jurnalist olmaq istəyənləri bu rəqəmlərlə qorxutmağa çalışır.
Mən heç vaxt gözəl sonluqlara ümid bəsləməmişəm. Çünki belə şeylər nağıllarda olur. Amma inanmışam və inanıram ki, hətta hər yer zülmətə qərq olsa da, yenə doğru bildiyini edənlər, qaranlığa qarşı öz işığını inadla yandıranlar həmişə olacaq.
İnanıram ki, təzyiqlərin, həbs ehtimallarının olduğu mühitdə də peşə prinsiplərinə sadiq qalaraq əsl jurnalistika ilə məşğul olmağa davam edənlər həmişə olacaq.
Məhkəməyə gəlincə: Sizə verilən sifarişlər sizin üçün həm də əmrdir və siz müstəqil olmaq yerinə, qanunsuz əmrə tabe olmağı seçirsiz. Bununla da, sifarişçilərinizdən heç nə ilə fərqlənmirsiniz. Ona görə də “əmr quluyam” deyib yaxanızı kənara çəkməyə, vicdanınızı bu yolla rahatlatmağa çalışmayın.
Konstitusiyanın 125-ci maddəsinin VII bəndində yazılıb ki, “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. Bəs həqiqət nədir? Bu prosesin bir parçası olan hakimlər üçün həqiqətin müəyyənləşdirilməsi nə qədər vacibdir? Ümumiyyətlə vacibdirmi? Onlar “Abzas media işi”nə necə yanaşırlar?
İlk məhkəmə prosesindən etibarən səhnə işıqları yalnız Rasim Sadıxov üçün yanıb. Digərlərinə - yan hakimlərə isə kölgədə sükutlarını qorumaq düşüb. Onlar ilk gündən ssenaridə rol yazılmayan, sadəcə görüntü formalaşdırmağa xidmət edən şəxslər kimi əyləşiblər. Novruz Kərimov bizim proseslərdə ona düşən boşluğu bəzən mürgüləyərək dəyərləndirirdi. Hər şeyin əvvəldən bəlli olduğu bu məhkəmə işində beynini əlavə informasiyalarla yükləmək istəməmək anlaşılandır.
Leyla Əsgərova-Məmmədova isə məhkəmələrimiz boyu vaxtını gah dırnaqlarına baxaraq, gah saçı ilə oynayaraq, gah da gülməyini gizlətməyə çalışaraq keçirib. İyunun 10-dakı prosesdə vəkillərimizin çıxışı zamanı zaldakı kondisionerə uzun-uzun baxdığını görmüşdüm. Yəqin müdafiəçilərin çıxışı onun diqqətini bu əşyadan daha az cəlb edib.
Bir daha soruşuram: Burdakı hakimlər üçün həqiqət nə qədər vacibdir? Müstəqil və ədalətli olmaqdan isə heç danışmıram.
Rasim Sadıxov, bu proses sizin sifariş əsasında hərəkət etdiyiniz ilk iş deyil. Artıq təcrübəlisiniz. Həm İntiqam Əliyev, həm də çox yaxın keçmişdə ictimai fəal Möhyəddin Orucov barəsində də sifarişlə qərar çıxarmısınız. Bunların heç birində indi olduğu kimi peşə prinsiplərinizin sizi düşündürmədiyindən əminəm. Siz bu işi öhdənizə götürərək özünüzə “ağrımayan baş”, firavan təqaüd həyatı və digər imtiyazlar qazanmısınız. Bunları qazanmağın həvəsi ilə itirdiklərinizi gözardı edirsiniz. Çünki inanmıram mənəvi məsələlər, prinsiplər sizi maraqlandırsın.
Bilməlisiniz ki, bu gün müstəqilliyinizi satdığınız şəxslərin sabah istifadə müddətiniz bitəndə sizi gözdən çıxarmaq ehtimalı da var. O gün gələndə məhkəmə qurub özünüzü təmizə çıxarmağın yollarını indidən axtarın. Bir də yaxşı-yaxşı fikirləşin. Bəlkə nə vaxtsa, cəsarətlənib “Abzas Media işi”nin sizə düşən hissəsinin fonu ilə bağlı elə həbsə göndərilmələrində iştirak etdiyiniz jurnalistlərə - bizə müsahibə verərsiniz.
Məhkəmədən heç bir gözləntim yoxdur. Çünki bu ölkənin idarəçiliyində yer alan şəxslər illərdir vətəndaşların hüquqlarını, ifadə, media azadlığını ayaqları altında əzəndə onların ayaqqabılarını parıldadanların sırasında elə bu ölkənin məhkəmələri və hüquq-mühafizə orqanları dayanıb.
Səsləndirəcəyiniz hökmün, orada yazılanların heç bir önəmi yoxdur. Biz bu ölkənin müstəqil jurnalistləriyik. Bizim prezidenti razı salmaq öhdəliyimiz yoxdur. Müstəqil jurnalistlər olaraq biz həbsdə də, həbsdən sonra da peşə fəaliyyətimizi davam etdirəcəyik. Senzura tanımayacağıq və söz azadlığını boğmaq istəyənlərə təslim olmayacağıq.