Günay İsmayılova: "Sevinc Vaqifqızı ilə 13 gün ərzində iki dəfə zəngləşmək, bir dəfə üç günlük xaricə getmək Elnarə Qasımovanı necə mütəşəkkil cinayətkar dəstənin üzvü edir?"

Günay İsmayılova: "Sevinc Vaqifqızı ilə 13 gün ərzində iki dəfə zəngləşmək, bir dəfə üç günlük xaricə getmək Elnarə Qasımovanı necə mütəşəkkil cinayətkar dəstənin üzvü edir?"
17 İyun 2025
Mətni dəyiş

“Abzas Media işi” çərçivəsində həbs edilən jurnalist Elnarə Qasımovanın vəkili Günay İsmayılova iyunun 10-da keçirilən növbəti məhkəmə prosesində çıxış edib.

O çıxışında bildirib ki, istintaq və məhkəmə dövründə Elnarə Qasımovanın təqsirini sübut edən heç bir dəlil təqdim olunmayıb. İttiham aktı yalnız istintaq orqanının mülahizələrinə əsaslanır və təqdim olunan dəlillər onun təqsirsizliyini göstərir.

Günay İsmayılovanın məhkəmədəki çıxışı:

Hüquqlarını müdafiə etdiyim Qasımova Elnarə Bahadar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilir. Məhkəmə istintaqı  zamanı verdiyi ifadəsində göstərmişdir ki, o bu ittiham üzrə özünü təqsirli bilmir və hər hansı cinayət törətməmişdir.

İttiham aktında qeyd edilir ki, o, mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə belə əmlakın konversiyası və köçürülməsi, həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsi nəticəsində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmış, mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə külli miqdarda pul vəsaitlərini ölkə xaricindən qaçaqmalçılıq yolu ilə keçirmiş, mütəşəkkil dəstə halında xeyli miqdarda vergiləri ödəməkdən yayınmış, mütəşəkkil dəstə halında hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir.

Müdafiə tərəfi olaraq bildiririk ki,  Elnarə Qasımovaya qarşı irəli sürülmüş ittihamlar əsassız və qanunsuzdur. Nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı Elnarə Qasımovanın irəli sürülmüş ittihamları üzrə təqsirini sübuta yetirəcək dəlil ortaya qoyulmayıb. İttiham aktı istintaq orqanın mülahizələrinə əsasən hazırlanıb və Elnarə Qasımovanın təqsirliliyi şübhədən kənar səviyyədə sübuta yetirilməmişdir. Habelə iş üzrə istintaq orqanının gətirdiyi dəlillər də müdafiə etdiyim şəxsin törədilmiş cinayətə aidiyyəti olmadığını və/və ya onun təqsirsizliyini əsaslı şəkildə göstərir.

İlk əvvəl qeyd edək ki, istintaq orqanı 9 səhifə uzunluğunda olan bir cümlədən ibarət ittihamlar yazıb. Üstəlik  ittihamlar iş materiallarında olan hər hansı bir sübutlarla təsdiq edilməyən və sırf müstəntiqlərin fərziyyəsi olan “ümumi cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü”, “cinayətlərin törədilməsinin uzun müddət davam edən sistemli planını hazırlamış” kimi şablon ifadələrlə, eyni ifadələrin dəfələrlə təkrarlanması ilə, məzmun olaraq daha mürəkkəbləşdirilib. Mürəkkəb cümlələrdə heç də az olmayan qramatik və sintaksis səhvləri bəzən ittihamın mahiyyətini mücərrəd, anlaşılmaz və qarmaqarışıq etmişdir. Bununla istintaq orqanı sanki irəli sürdüyü ittihamların detallarını gizlətməyə çalışrır. AİHM artıq, Azərbaycanda rastlanan bu tip problemlə bağlı öz mövqeyini ifadə edib:

“Hazırkı işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, 2 avqust 2014-cü ildə ərizəçiyə qarşı irəli sürülən üç ilkin ittihamın təsviri bu cür sənəddən gözlənilən tutarlılıq, ardıcıllıq və aydınlıq səviyyəsindən məhrumdur. Xüsusilə, təsvir çap mətninin təxminən bir səhifəsini əhatə edən bir cümlədən ibarət idi”. (Rəsul Cəfərov işi, 69981/14, par.121)

Göründüyü kimi Azərbaycanda ibtidai istintaq son 10 ildə daha irəli getmiş, artıq 1 cümlə 1 səhifə həcmində deyil, 9 səhifə həcmində yazılmağa cəhd edilib.  

Buna rəğmən bu 9 səhifəlik cümlədə Elnarə Qasımovanın konkret hansı əməlləri törədərək birbaşa qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, cinayət yolu ilə əldə edilmiş hansı əmlakı və necə leqallaşdırdığı, konkret nə vaxt, hansı yolla və hansı əmlakı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi, hansı vergi öhdəlikləri olduğu və bu öhdəliklərini həyata keçirməkdən yayındığı, hansı rəsmi sənədləri və necə saxtalaşdırdığı və hansı saxta sənədlərdə və necə istifadə etdiyi məlum olmur.  

İtthamdan aydın olur ki, hansısa mütəşəkkil dəstə qeyd olunan cinayətləri törədib və Elnarə Qasımova da bu mütəşəkkil dəstənin üzvü olub.

İttihamdan birbaşa Elnarə Qasımovaya aid edilən əməllər aşağıdakılardan ibarətdir:

hansısa təşkilatın “www.abzas.org” adlı internet səhifəsi, “Facebook”, “Twitter”, “Youtube”, Instagram”, “TikTok” sosial şəbəkələrində hesabları yaradılmaqla guya “AbzasMedia” adlı qurumun qanuni əsaslarla fəaliyyət göstərən “azad və peşəkar media orqanı” olması görüntüsü formalaşdırılmış və Elnarə Qasımova da həmin qurumun fəaliyyətinə cəlb edilmişdir;

“Ülvi Həsənli...“AbzasMedia” adlı təşkilatın rəhbəri kimi, mütəşəkkil dəstə üzvlərindən Abbasova Sevinc Vaqif qızını baş redaktor, Kekalov Məhəmməd Şamil oğlunu icraçı direktorun köməkçisi və tərcüməçi, Absalamova Nərgiz Fəzail qızını və Qasımova Elnarə Bahadar qızını video reportyor, Babalı Hafiz Ərköyün oğlunu araşdırmaçı jurnalist, Mehralızadə Fərid İsa oğlunu iqtisadi məsələlər üzrə ekspert kimi təqdim edilmişdir”.

Elnarə Qasımovaya verilən ittihamdan belə anlaşılır ki, o, sadəcə mütəşəkkil cinayətkar dəstənin üzvü hesab olunduğu üçün ona da bu ittihamlar verilmişdir.   

Belə olan halda CM-nin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4 və 213.2.1-ci maddələrinin tövsüfedici əlamətləri arasında “müiəşəkkil dəstə tərəfindən törədilməsi” kimi əlamət nəzərdə tutulduğu üçün Elnarə Qasımovaya bu maddələr ilə ittiham verilməsi özünə görə bir məntiqi olsa da, CM-nin 320.1 və 320.2-ci maddələri ona ittiham verilməsi tam anlamsızdır. Belə ki, bir yandan işdə Elnarə Qasımova tərəfindən nə hər hansı rəsmi sənədin saxtalaşdırılması, nə də belə bir saxta sənəddən istifadə etməsi ilə bağlı heç bir cümlə belə keçmir. Digər yandan isə  CM-nin 320.1 və 320.2-ci maddələrində “mütəşəkkil dəstə tərəfindən törədilmə” kimi tövsüfedici əlamət ümumiyyətlə nəzərdə tutulmur.  Əgər işdə doğurda saxta sənədin hazırlanması və ondan istifadə edilməsi varsa, bu ittihamlar konkret bu əməli törətmiş şəxsə verilə bilərdi.

Beləliklə verilən ittihamdan anlaşıldığı kimi Elnarə Qasımovanın ona istinad edilən cinayət əməllərinə aidiyyəti ittihamın qənaətincə məhz mütəşəkkil cinayətkar dəstənin üzvü olması ilə müəyyən edilir.

Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Konvensiyanın 6-cı maddəsinin pozuntusu olub-olmadığını müəyyən edilməsi ilə bağlı bildirib ki, cavab verilməli olan sual bütövlükdə məhkəmə icraatının, o cümlədən sübutun əldə edilmə üsulunun ədalətli olub-olmamadığıdır (Xan Birləşmiş Krallığa qarşı, § 34; P.G. və C.H. Birləşmiş Krallığa qarşı, § 76; Allan Birləşmiş Krallığa qarşı, § 42).

Məhkəmə bütövlükdə məhkəmə icraatının ədalətsiz olub olmadığını müəyyən edilməsi işdə olan sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına və bu sübutun necə əldə olunduğuna və araşdırıldığına əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı).

Elnarə Qasımovaya verilən bütün ittihamların həlledici aspekti onun mütəşəkkil cinayətkar dəstənin üzvü hesab edilməsidir. 

İttiham tərəfinin Elnarə Qasımovanın hansısa bir mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə gəldiyi qənaət açıq aşkar şübhəli və qərəzlidir, ümumiyyətlə hər hansı ciddi sübuta istinad etmir.

İşdə olan ibtidai istintaq zamanı Elnarə Qasımova barədə toplanmış və məhkəmə istintaqı zamanı araşdırdırılmış sübutlar aşağıdakılardan ibarətdir:

1) Kekalov Məhəmməd Şamil oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı imtina etdiyi ifadələrdə Elnarə Qasımova haqqında aşağıdakıları bildirir:

“AbzasMedia” onlayn media portalının adından xarici donor təşkilatlarından qrant layihələri üzrə alınmış pul vəsaitləri Azərbaycan Respublikasının ərazisinə dövlət nəzarətindən gizli şəkildə müxtəlif üsullarla gətirilmiş, bu işə onu, Qasımova Elnarə Bahadar qızı, Absalomav Nərgiz Fəzail qızı və digər şəxsləri də cəlb etmişlər”.

“Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalı isə əsasən “AbzasMedia” onlayn media portalının ölkə daxilindəki fəaliyyətinə cavabdeh olmuş, onlar araşdırma materiallarının və videoreportajların hazırlanmasını, redaktə edilməsini, bu materialların “AbzasMedia” onlayn media portalının sosial şəbəkə hesabları üzərindən yayımlanmasını və digər zəruri işləri icra etmişlər”.

“Nərgiz Absalamova və Elnarə Qasımova videorepartyorlar kimi Sevinc Abbasovanın tapşırıqları ilə müxtəlif şəxslərdən müsahibələr alaraq, o cümlədən çəkiliş yerlərinə gedib videoçəkilişlər edərək toplanmış videokadrları Sevinc Abbasovaya təhvil vermişdirlər”;

“Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalı həmçinin, qrant layihələrinin hazırlanması, büdcə təkliflərinin formalaşdırılması və bununla bağlı digər işlərdə yaxından iştirak etmişlər”

2) Gürcüstan və Azərbaycan dövlət sərhəd xidmətlərinin verdikləri məlumatlar əsasında müəyyən edilir ki, Elnarə Qasımova (C02919734) 16 fevral 2022-ci il tarixdə saat 07:33-də Heydər Əliyev Beynəlxalq Hava limanının sərhəd-keçid məntəqəsindən dövlət sərhədini keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstanın Tbilisi şəhəri istiqamətində tərk etmiş, 19 fevral 2022-ci il tarixdə saat 01:16-da həmin sərhəd-keçid məntəqəsindən dövlət sərhədini keçməklə Gürcüstanın Tbilisi şəhəri istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur;

3) Dövlət Vergi Xidmətindən alınan məlumata əsasən Elnarə Qasımova fiziki şəxs  kimi 07 avqust 2020-ci il tarixdən 14 saylı Ərazi Vergilər İdarəsində “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlər göstərilməsi” əsas fəaliyyət növü üzrə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və hazırda fəaliyyəti dayandırılmışdır;

4) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin məktuba əsasən Qasımova Elnarə Bahadar qızının qanuni təmsilçisi olduğu kommersiya qurumu aşkar edilməmişdir;

5) Bakcell Şirkətindən verilən məlumata əsasən 05 avqust 2021-ci il tarixdə saat 18:24:11-də “Signal” şirkətindən Qasımova Elnarə Bahadar qızının istifadəsində olan +994XXXXXXXXX mobil nömrəsinə “<#>Your SIGNAL verification code is: XXXXXX” məzmunlu mesaj göndərilmişdir (tərcüməsi: Sizin SIGNAL təsdiq kodunuz: XXXXXX).

6) “Azercell” şirkətindən verilən bilinqlərə əsasən “AbzasMedia” adı altında fəaliyyət göstərən qurumun baş redaktoru Abbasova Sevinc Vaqif qızının istifadəsində olan +994XXXXXXXXX mobil nömrəsi ilə həmin qurumda video reportyor kimi işləmiş Qasımova Elnarə Bahadar qızının istifadəsində olan +994XXXXXXXXX mobil nömrəsi arasında 08 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək aşağıdakı vaxtlarda 2 dəfə telefon danışığı aparılmışdır:

1.  2023-10-08 14:21:08 13

2.  2023-10-20 15:12:53 47;

7) Məhəmməd Kekalovun elektron poçtuna Baxış zamanı aşkar edilmiş 42 nəfər media nümayəndəsinin, o cümlədən Elnarə Qasımovanın adından, ingilis dilində tərtib edilmiş 02 səhifədən ibarət, “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan media reyestri ilə bağlı müddəaların çıxarılmasının tələb edilməsinə dair mövqe bəyanatı;

8) “Azərbaycanda cinayət və korrupsiya ilə bağlı araşdırma sənədli filmlərinin” çəkiliş komandasının üzvü olması barədə sənəd. 

Bütün bunlardan aydın olmur ki, AbzasMedia” onlayn media portalının ölkə daxilindəki fəaliyyətinə cavabdeh olmaq, onlar araşdırma materiallarının və videoreportajların hazırlanmaq, redaktə etmək, bu materialların “AbzasMedia” onlayn media portalının sosial şəbəkə hesabları üzərindən yaymaq, qrant layihələrinin hazırlamaq, vergi ödəyicisi kimi qeydiyyata durmaq,  “Signal” şirkətindən messaj almaq, Abbasova Sevinc Vaqif qızı ilə 13 gün ərzində iki zəngləşmək, bir dəfə üç günlük xaricə (Gürcüstana) getmək, qəbul edilən qanunvericiliyə qarşı etiraz bəyanatı imzalamaq və sənədli filmin çəkiliş komandasında olmaq necə Elnarə Qasımovanı mütəşəkkil cinayətkar dəstənin üzvü edir və yaxud da ittihamda göstərilən cinayət əməllərinin (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmanın, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, qaçaqmalçılığın, vergilərdən yayınmanın, saxta sənəd hazırlamanın və ondan istifadənin) subyekti edir.

Hətta Məhəmməd Kekalovun məhkəmə istintaqı zamanı imtina etdiyi ibtidai istintaq zamanı verdiyi ifadədə göstərdiyi Elnarə Qasımovanın pul vəsaitləri Azərbaycan Respublikasının ərazisinə dövlət nəzarətindən gizli şəkildə müxtəlif üsullarla gətirilməsinə cəlb edilməsi məlumatlar mücərrəd fikirlərdir, özündə hər hansı konkret faktı ehtiva etmir. Məsələn, məlum olmur ki, Elnarə Qasımova nə vaxt və necə pul vəsaitlərini gətirib, pul vəsaitlərini hardan alıb, nə qədər pul vəsaitləri gətirib, bunu ondan kim, harda və necə xahiş edib? Məhəmməd Kekalovun bu prosesdə (Elnarə Qasımovanın pul gətirilməsində) iştirakı və şahidliyi necə olub.

Nəzərə alsaq ki, Elnarə Qasımova ümumiyyətlə bir dəfə ölkədən kənara çıxıb və qaçaqmalçılıq ittihamı üçün zəruri olan qeyri-qanuni yolla keçirilən maddi sübutun bilavasitə onda aşkar edilməsi faktı da olmayıb, Məhəmməd Kekalovun bu barədə ifadəsi də mötəbər sübut sayıla bilməz.

Onu qeyd edək ki, Elnarə Qasımovada nə saxlanılarkən pul vəsaitləri, nə də hər hansı bank kartı aşkar edilməyib.

“Mütəşəkkil cinayətkar dəstə” anlayışının iki kriteriyası var:

Əvvəlcədən cinayət törətməklə niyyəti ilə birləşmə məhz bu xüsusiyyət mütəşəkkil dəstənin hər hansı digər təkilatlanmış strukturlardan və birləşmə növlərindən (idarədən, təşkilatdan, müəssisədən, ictimai birlikdə, partiyadan, həmkarlar təşkilatlardan) fərqləndirir;

Mütəşəkkil dəstədə üzvlər arasında cinayətkar vəzifələri konkret müəyyən edilməsi. 

Elnarə Qasımovaya və onun eyni müttəhimlər kürsüsündə oturan şəxslərə verilən ittihamların heç birində şəxslərin əvvəlcədən cinayət törətmək məqsədi ilə birləşdiklərini göstərən heç  bir sübut yoxdur. Əksinə iş materiallarında açıq aşkar şəxslərin ictimai fəaliyyət, media sahəsində fəaliyyət üçün birləşdikləri görünür.

Üstəlik ittihamlarda mütəşəkkil dəstə üzvlərinin cinayət törətmək üçün öz aralarında vəzifə bölgüləri göstərilməyib, əksinə Media təşkilatı kimi vəzifə bölgüləri göstərilib.

İttihamda bir başa deyilir ki, “Ülvi Həsənov mütəşəkkil dəstə üzvləri ilə qabaqcadan razılaşdırılmış ümumi cinayətkar niyyətlərindən çıxış edərək … özünü faktiki olaraq dövlət qeydiyyatına alınmamış, rəsmi şəkildə təsisçiləri, üzvləri və köməkçilərdən ibarət iştirakçıları mövcud olmayan “AbzasMedia” adlı təşkilatın rəhbəri kimi, mütəşəkkil dəstə üzvlərindən Abbasova Sevinc Vaqif qızını baş redaktor, Kekalov Məhəmməd Şamil oğlunu icraçı direktorun köməkçisi və tərcüməçi, Absalamova Nərgiz Fəzail qızını və Qasımova Elnarə Bahadar qızını video reportyor, Babalı Hafiz Ərköyün oğlunu araşdırmaçı jurnalist, Mehralızadə Fərid İsa oğlunu iqtisadi məsələlər üzrə ekspert kimi təqdim etmiş”

İstintaq “Abzas media” işində təqsirləndirilən şəxslərin “Abzas media”-da tutduqları vəzifələri onların mütəşəkkil dəstədə vəzifələri kimi təqdim etsə də, belə cinayətkar vəzifələr bölgüsü olmur.

AİHM-nin bu məsələ ilə bağlı mövqeyi var: “bundan başqa, Məhkəmə bir faktı da nəzərdən qaçırmır ki, ərizəçi Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə cinayətkar qrupun üzvü kimi təqsirli bilinsə də, daxili məhkəmələr ərizəçinin həmin cinayətkar qruplaşmada iddia edilən rolunu qeyd etməyiblər.” (İlkin Rüstəmzadə No 2 işi, 22323/16, par.40)

Digər tərəfdən Elnarə Qasımova Abzas Media ilə əməkdaşlıq etməyə 2023-cü ildə başlasa da əvvəlki dövrü əhatə edən ittihamlar üzrə də mütəşəkkil dəstənin üzvü kimi təqdim edilib.

Elnarə Qasımova bütün ibtidai istintaq zamanı və məhkəmə gedişində dəfələrlə bildirib ki, o, tənqidi jurnalistika fəaliyyətinə görə siyasi sifarişlə cinayət məsuliyyətinə cəlb edilib. Baxmayaraq ki, işdə adı keçdiyi hər cümlədə Elnarə Qasımovanın videoreportyorluq etməsi göstərildiyi və bundan başqa ona hər hansı digər əməli törətməsi barədə sübutun olmadığı halda ibtidai İstintaq onun bu arqumentlərini subyektiv mülahizələrindən ibarət yazılı qeydlər olması əsası ilə rədd edib. Ümid edirik ki, məhkəmə bu şablonı təkrarlamayacaq.

Əgər Elnarə Qasımova ittiham tərəfinin göstərdiyimiz sübutları əsasında, ona verilən ittihamlarla, mütəşəkkil dəstə üzvü kimi məhkum olunarsa, bu açıq aşkar onun Konvensiyanın 6-cı maddəsində təsbit edilən hüquqlarının pozuntusu olacaq.

Bundan əlavə hesab edirik ki, belə məhkumluq Elnarə Qasımovanın Konvensiyanın 10 və 11-ci maddəsində təsbit edilən hüquqlarının pozuntusu olacaq.

Konvensiyanın 10-cu maddəsində deyilir:

1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Konvensiyanın 11-ci maddəsində deyilir:

1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

Elnarə Qasımovaya verilən ittihamda birbaşa deyilir ki, onun Ülvi Həsənov, Abbasova Sevinc Vaqif qızı, Kekalov Məhəmməd Şamil oğlu, Absalamova Nərgiz Fəzail qızı, Babalı Hafiz Ərköyün oğlu və Mehralızadə Fərid İsa oğlu ilə birləşdiyi təşkilat mütəşəkkil dəstədir, həmçinin onun həmin təşkilatdakı videoreportyor kimi, sənədli filmlər hazırlayan komandanın üzvü kimi fəaliyyəti mütəşəkkil cinayətkar dəstənin tərkibində cinayətkar fəaliyyətdir. 

Bu şəkildə verilmiş ittiham Elnarə Qasımovanın Konvensiyanın 10-cu maddəsi ilə təsbit edilən jurnalist (videoreportyor) və dokumentalist kimi ifadə azadlığına müdaxilədir.

Media fəaliyyəti üçün birləşən şəxslərin birliyinin mütəşəkkil cinayətkar dəstə adlandırılması Konvensiyanın 11-ci maddəsi ilə təsbit edilən birləşmə azadlığına müdaxilədir.

Bu müdaxilənin hüquqa uyğun olması üçün müdaxilə üç şərtə cavab verməlidir:

- Qanunla nəzərdə tutulmalıdır;

- Legitim məqsəd daşımalıdır;

- Demokratik cəmiyyətdə zəruri olmalıdır.

Elnarə Qasımovanın Konvensiyanın 10 və 11-ci maddələri nəzərdə tutulan hüquqlarına müdaxilə formal olaraq CM-dən götürülmüş maddələr əsasında həyata keçirilsə də, açıq aşkar əsassız ittihamlardır və ona qarşı belə ittihamların irəli sürülməsi özbaşına xarakter daşıyır.

Bununla yanaşı hesab edirik ki, bu müdaxilələr hər hansı legitim məqsəd daşımırdı və demokratik cəmiyyətdə zəruri də sayıla bilməzdi.

Elnarə Qasımovanın dəfələrdə iddia etdiyi kimi, ona qarşı irəli sürülən ittiham sənədində dolayısı ilə təsdiq olunduğu kimi bu müdaxilə məhz onun “Abzas Media” fəaliyyəti ilə bağlı idi. Belə müdaxilə isə gizli məqsədlərlə insan hüquqlarına müdaxilə sayılır və bunun özü Konvensiyanın 18-ci maddəsinin pozuntusu sayılır.

Bundan əlavə məhkəmənin diqqətinə verilən ittihamlarla bağlı aşağıdakıları çatdırıram.

Qaçaqmalçılıq ittihamı ilə bağlı

2023-cü ildən etibarən Azərbaycanda qeyri-hökumət təşkilatları və media qurumlarına qarşı cinayət işləri başlanıb. İrəli sürülmüş ittihamların qanuni əsası yoxdur. İlk cinayət işinin açıldığı Qaçaqmalçılıq cinayət tərkibinin obyektiv cəhəti və hazırda bu cinayətlə bağlı tətbiq edilən praktika cinayətin predmeti olan valyutanın məhz gömrük sərhədində aşkarlanmalı olmasını tələb edir. QHT-lərə və media qurumlarına qarşı açılmış cinayət işlərində isəcinayətin predmeti olduğu iddia edilən xarici valyuta QHT və media nümayəndələrininevlərindən, yaxud ofislərindən götürülüb(təqsirləndirilən şəxslərin bildirdiyinə görə özləri qoyduqları pullardır). Həmin xarici valyutanın ölkəyəqaçaqmalçılıq yolu ilə gətirildiyinin sübutu kimi isə yalnız QHT və medianümayəndələrinin müəyyən vaxtlarda ölkə sərhədindən çıxması və sərhəddən ölkəyədaxil olması ilə bağlı məlumatlar göstərilib ki, bu məlumatlar özlüyündə prima facieobyektiv müşahidəçidə cinayətin törədilməsi qənaətinə gəlməyə kifayət etmir.

CM-in 206-cı maddəsinin Qeyd hissəsinin göstərişinə görə, qaçaqmalçılıq cinayət tərkibinin yaranması üçün ən azı əlli min manatdan yuxarı məbləğin gömrük sərhədindən keçirilməsi lazımdır. Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiyaməqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsiningüzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavəyə əsasən, 10000 (on min)ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar gömrüksərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. 26 “Qaçaqmalçılıq işləri üzrəməhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2 iyun 2016-cı il tarixliQərarı 27 nın 8-ci bəndinə əsasən, gömrük sərhədindən qeyri-qanuni yolla keçirilmişxarici valyutanın dəyəri həmin valyutanın cinayətin törədildiyi vaxt AzərbaycanRespublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Manatına münasibətdəməzənnəsi əsasında tənzimlənir. İstintaq materiallarından cinayətin predmeti olduğuiddia edilən xarici valyutanın konkret hansı tarixdə gömrük sərhədindən keçirildiyi,keçirilmə zamanı milli valyutaya münasibətdə məzənnəsi, həmin məbləğin cinayəttərkibinin yaranması üçün tələb edilən minimum həddi keçməsi, keçirilmiş məbləğinbir dəfəyə, yoxsa ayrı-ayrı vaxtlarda keçirilməsi, sonuncu ehtimalda vahid niyyətləəhatə olunması və cinayət tərkibinin yaranmasına kifayət etməsi ilə bağlı məsələlərəmünasibət bildirilmir.

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma

Digər absurd bir ittiham olan Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamına gəldikdə, bu ittihamla bağlı diqqəti çəkən ilk məsələ onun predmetinin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirildiyi iddia edilən xarici valyuta olmasıdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində CM-də təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir. CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrinin dispozisiyalarına əsasən leqallaşdırma birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyektiv cəhətinin mütləq əlamətləri qismində təsbit edilən hallar – şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi və CM-in 193-1.1.1, 193.1.1.2-ci maddələrində təsbit edilən hərəkətləri həmin əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə törətməsi onun cinayət məsuliyyəti daşımasının zəruri şərtləri olmaqla, cinayət prosesi gedişində CPM-in 139.0.2-ci maddəsinə və digər müddəalarına əsasən sübuta yetirilməlidir. Bu tərkib, adətən, özündən əvvəl törədilmiş predikativ hüquq pozuntusu ilə müşayiət olunur. Ali Məhkəmənin mövqeyinə görə, predikativ hüquq pozuntusu birbaşa və ya dolayı yolla qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan, istər Azərbaycan Respublikasının ərazisində, istərsə də onun hüdudlarından kənarda törədilən, həm ərazisində törədildiyi dövlətin qanunvericiliyinə, həm də Azərbaycan Respublikasının CM-ə əsasən cinayət hesab edilən (ikiqat kriminallıq yaradan) qəsdən törədilən əməldir. Cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir. Qrant alınması haqqında qanunvericiliyin pozulması yalnız inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 432-ci maddəsi qrant alınması və verilməsi haqqında qanunvericiliyin pozulması ilə bağlı məsuliyyəti müəyyənləşdirir. Analoji maddə cinayət qanunvericiliyində nəzərdə tutulmur. Belə olan halda, predikativ hüquq pozuntusu və dolayı olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin tərkibi yaranmır. Bu isə öz növbəsində, törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hərəkətə görə şəxsin cinayət törətməkdə təqsirli hesab edilməsini qadağan edən Avropa İnsan Hüquqları Konvensiyasının 7-ci maddəsinə, eləcə də həmin maddənin əsasında duran nullum crimen, nulla poena sine lege prinsipinə ziddir.İstintaq  orqanı xarici valyutanın donorlar vasitəsilə QHT və media nümayəndələrinə qrant kimi verildiyini iddia edir, qrant alınması isə yerli qanunvericiliklə cinayət hesab edilmir. Bu əməlin törədildiyi ölkədə cinayət hesab edilməsi də iddia olunmur. Qrant alınması haqqında qanunvericiliyin pozulması yalnız inzibati xəta məsuliyyətinə səbəb olur: QHT-lər haqqında Qanunun 24-2.2-ci maddəsinə əsasən, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-ın Azərbaycan üzrə son Hesabatına əsasən, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kontekstində ən yüksək riskli sahələrdən biri hesab edilsə də, ölkədə bu kontektsdə 2017-2022-ci illər arasında predikativ cinayət kimi qaçaqmalçılıq cinayəti üzrə aparılan ibtidai istintaq sayı və dolayı olaraq ittiham hökmü sayı sıfırdır.

Qanunsuz sahibkarlıq və vergidən yayında ittihamı:

QHT və media qurumlarının nümayəndələrinə qarşı irəli sürülən ittihamlardan bəziləri 2013-2014-cü illərdə bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı irəli sürülən ittihamlarla eynilik təşkil edir. Qanunsuz sahibkarlıq və vergidən yayınma cinayət ittihamlarını hər iki dövrə aid ittiham aktlarında görmək mümkündür. Bu ittihamlar artıq bəzi işlərdə AİHM-in araşdırmasının predmeti olub. İttihamların konstruksiyasının eyniliyini nəzərə alsaq, həmin qərarlara nəzər salmaq faydalı olar.

AİHM “Rəsul Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarında formalaşdırdığı mövqeyi sonralar “Məmmədli Azərbaycana qarşı” və “Əliyev Azərbaycana qarşı” qərarlarında da tətbiq edib. “Rəsul Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarında Məhkəmə qeyd edib ki, ərizəçiyə qarşı irəli sürülən bütün faktlar onun dövlət qeydiyyatı olmayan QHT-də fəaliyyət göstərməsi və aldığı qrantları qeydə almaması faktından irəli gəlir. Nə ona qarşı ittiham irəli sürülən vaxt, nə də məhkəməyəqədər həbsdə saxlandığı bütün müddət ərzində şübhəni təsdiq edən başqa heç bir məlumat və dəlilin mövcudluğu göstərilməyib. QHT-lərin qeydiyyatı ilə bağlı mövcud olan çətinliklər ucbatından ərizəçi individual olaraq qrantları qəbul edib və fəaliyyət göstərib. Məhkəmə daha sonra qeyd edib ki, nə yerli məhkəmələr, nə də Hökumət Cinayət Məcəlləsinin qrantların qeydə alınmamasını cinayət hesab edən hər hansı müddəasına istinad edə bilməyib. Məhkəmə belə qərara gəlib ki, ərizəçi ağlabatan şəkildə “qanunsuz sahibkarlıq” cinayət əməlini törətməkdə şübhəli sayıla bilməzdi, çünki onun kommersiya fəaliyyəti ilə məşğul olmasını sübut edən faktlar, məlumatlar və sübutlar mövcud deyildi. Eyni məntiqlə, ərizəçi ağlabatan şəkildə “vergidən yayınma” cinayət əməlini törətməkdə şübhəli sayıla bilməzdi, çünki kommersiya fəaliyyəti olmadığı halda sadələşdirilmiş rejimdə vergi tutulan mənfəət də ola bilməzdi.

Saxta sənədin hazırlanması və ondan istifadə ittihamı:

Əlavə olaraq, irəli sürülən ittihamların hər biri formal olaraq eyni qrup içərisində yer alan bütün şəxslərə qarşı irəli sürülüb. Cinayət Məcəlləsinin 320-ci maddəsi üzrə  ittihamın tövsif edici əlamətlərində “mütəşəkkil dəstə tərəfindən törədilmə nəzərədə tutulmayıb, ancaq ittiham aktında qeyd edilib ki,mütəşəkkil dəstə halında hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. (İttiham aktı səh 267).

İttihamın növbəti əsaslarından biri kimi ittiham aktında “layihə direktoru”, “layihə meneceri”, “redaktor”, “video reportyor”, “sosial media meneceri”, “araşdırmaçı jurnalist” və sair vəzifələri icra edən şəxslərə vergi, məcburi dövlət sosial və icbari tibbi sığortalar daxil olmaqla müxtəlif məbləğlərdə aylıq əmək haqlarının verilməsinə, guya göstərilmiş müəyyən xidmətlərə, o cümlədən ofisin və iclas zalının icarəsinə, təlimçilərə qonorarın verilməsinə, tədbirlər zamanı yüngül qəlyanaltı və qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, dəftərxana ləvazimatları, kompüter, kamera və digər avadanlıqların alınmasına və icarəsinə görə müxtəlif məbləğlərdə xarici valyutada ifadə olunan ödənişlərin edilməsinə dair məzmununa həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən ingilis dilində tərtib olunmuş hesabatların 2020-2023-cü illər ərzində Bakı şəhəri ərazisində fəaliyyət göstərdikləri ofislərdə qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə davamlı şəkildə xarici donor təşkilatlarının təmsilçilərinə təqdim etmə və göndərmə” göstərilib. Bu epizod üzrə ittihamın irəli sürüldüyü CM-in 320-ci maddəsinin dispozisiyasında göstərilən əlamətləri, sənədlərin nəyə görə saxta hesab edildiyi, eyni zamanda həqiqətə uyğun olmayan məlumatların nədən ibarət olması ittiham aktında göstərilməyib. İstənilən halda, xarici donorlar əməkdaşlığın hansısa mərhələsində resipiyentlərdən narazılıqlarını ifadə etməyib, yaxud istintaq zamanı zərərçəkmiş qismində tanınmaq üçün müraciət etməyib. Bu halda isə konkret hansı hərəkətin göstərilən cinayətin tərkibini yaratdığı məlum deyil.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-cimaddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininPlenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirməkimkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrumetməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətinmüəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilikdərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə,həm də mənəvi borcudur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordoİspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

İş üzrə şahid qismində tanınmış şəxslər məhkəmədə dindirildikləri zaman Qasımova Elnarə Bahadar qızını tanımadığını bildiriblər, aydındır ki, tanımadıqları adamın hər hansı cinayət törətməsinə şahid olması da mümkün deyil. Ancaq dövlət ittihamçısı Elnarə Qasımovaya cəza verilməsi təklifini irəli sürərkən qeyd edib ki, Elnarə Qasımovaya qarşı irəli sürülmüş ittihamlar şahid ifadələri və digər istintaq hərəkətləri  (ekspertizalar barədə protokollar) və Məhəmməd Kekalovun ifadəsi ilə öz təsdiqini tapmışdır.  Cinayət Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Maddənin normasından da aydın görünür ki, yalnız iş üzrə əhəmiyyət kəsb edən haldan xəbəri olan şahid dindirilə bilər. Ancaq bütün şahidlər Elnarə Qasımovanı tanımadıqlarını bildiriblər. Cinayət Prosessual Məcəllənin 124.2-ci maddəsində cinayət prosesində sübut kimi qəbul edilənlərin siyahısı göstərilib. Şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul edilir. Elnarə Qasımovanın cinayət əməlini törətdiyini göstərən şahid ifadəsi və yaxud digər istintaq hərəkətlərinin protokolları mövcud deyil. Təqsirləndirilən şəxs Məhəmməd Kekalov məhkəmədə dəfələrlə bildirib ki, o istintaqın təqibindən yaxa qurtarmaq üçün ona təqdim edilən  bütün sənədlərə imza atıb. Məhkəmədə verdiyi ifadəsində  ibtidai istintaq zamanı verdiyi bütün ifadələri rədd etdiyini bildirib.  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Belə olan halda şahid ifadəsi,təqsirləndirilən şəxsin ifadəsi, və digər sübutlar olmadan Elnarə Qasımovaya qarşı ittihamlar irəli sürülməsi qanunsuz və əsassızdır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinəəsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə

toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

İstintaq orqanı sübut kimi iş materiallarına əlavə etdiyi sənədlərin Elnarə Qasımovaya aid olmadığını müəyyən etməyəcək qədər səthi aparılıb. İş materiallarına Qasımova Elnarə Bahəddin qızına aid notariat hərəkətləri sənədləri təqsirləndirilən şəxs Qasımova Elnarə Bahadar qızına aid kimi əlavə edilib. Məhkəmədə bu sənədlərin iş üzrə təqsirləndirilən şəxs deyil, başqa şəxsə aid olduğu üçün iş materiallarından xaric edilməsi barədə vəsatət versək də, vəsatətimiz təmin edilmədi.

CM-nin 7-ci maddəsinin müddəalarından görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

Konstitusiyanın 71-ci maddəsinin 1-ci  hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi, yaxud da təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Qasımova Elnarə Bahadar qızı  barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul etməsini xahiş edirəm.

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun