İqtisadçı: “İsrail-İran müharibəsi genişlənməsə, neftin qiymətində kəskin artım olmayacaq”

İqtisadçı: “İsrail-İran müharibəsi genişlənməsə, neftin qiymətində kəskin artım olmayacaq” Foto: MarketWatch
16 İyun 2025
Mətni dəyiş

İsrail-İran müharibəsinin Azərbaycana hansı siyasi-iqtisadi təsirləri olacaq?

ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlməsilə ucuzlaşan neft qiymətləri İsrailin İrana hücumundan sonra artmaqda davam edir. 

Bir sıra siyasi şərhçilər düşünür ki, neft qiymətlərinin bahalaşması davam edəcək, enerji təhlükəsizliyilə bağlı problemlər artacaq və bu prosesdən avtokrat idarəçiliyi olan neft ölkələri faydalı çıxacaq.

Bəs İsrail-İran müharibəsinin Azərbaycana hansı siyasi-iqtisadi təsirləri olacaq?

Siyasi şərhçi Arif Yunus deyir ki, neft qiymətləri artıq bahalaşmağa başlayıb və yaxın vaxtlarda da ancaq yuxarı qalxacaq, enməyəcək. Onun fikrincə, İran Hörmüz boğazını bağlasa, qiymətlər daha da artacaq.

“Bu müharibədə qazanan Rusiya və Azərbaycan hökumətləri olacaq. Eyni zamanda, digər neft-qaz ölkələrinin hökumətləri də bu prosesdən qazanacaq. İnsanların taleyilə bağlı isə pessimistəm. Çünki müharibə dövründə demokratiya olmur, hər şey əksinə olur.

Ümumilikdə isə indiki prosesə həm də keçid dövrü kimi baxıram. Çünki heç nə aydın deyil və heç kim hadisələrin necə davam edəcəyini deyə bilməz. İkinci Rusiya-Ukrayna müharibəsinə çevriləcəkmi?”, - Arif Yunus bildirir.

Müharibənin fonunda Azərbaycana beynəlxalq münasibətin necə olacağını da şərh edən politoloqun fikrincə, hazırda Avropa ölkələri düşünür ki, Azərbaycan nefti var və ona görə də Azərbaycanla ticarət münasibətləri qururlar.

“Ona görə də mən inanmıram ki, indiki situasiyada demokratika və insan haqları ilə bağlı hansısa təzyiqlər olsun. Mən hələ Amerikanı demirəm, sırf Avropa üçün Azərbaycanla bağlı bu problemlər bəlkə də yüzüncü yerdədir. Azərbaycanla bağlı yeganə maraqlar neft və qaz üzərindədir", - o, fikrini tamamlayıb.

İqtisadçı ekspert Rövşən Ağayev isə düşünür ki, müharibənin neft qiymətlərinə çox da təsiri olmayacaq. Onun sözlərinə görə, İran sanksiyalara görə dünya neft bazarından xeyli dərəcədə təcrid olunmuşdu, ancaq Çinə, müəyyən qədər də Hindistana neft sata bilirdi.

“Bu gün müharibə bu çərçivəni aşmasa, sırf İsrail və İranı əhatə edən müharibə olsa, neftin qiymətində kəskin artım olmayacaq. Mən İranın Hörmüz boğazını bağlamasına da inanmıram. Hazırda İran heç öz ərazisini qoruya bilmir, elə güclərinin olduğuna mən əmin deyiləm. 

Məsələ ondadır ki, bu müharibənin doğuracağı nəticələr vacib olacaq. Nə qədər geniş əhatəyə yayılacaq, dünya iqtisadiyyatına hansı təsirləri olacaq. Amma İran-İsrail kontekstində baxsaq, ciddi artım olmayacaq, çünki İran zatən dünya neft bazarından kənarda qalmışdı. Bu gün müharibəyə cəlb olunmağı da onun bazardakı payına təsir eləmir", - o bildirir. 

İqtisadçı deyir ki, burada vacib məsələ Amerikanın davranışıdır. 

Onun sözlərinə görə, Tramp hakimiyyətə gələndə əsas vədlərindən biri neftin ucuzlaşması idi və doğrudan da, yanvar ayından başlayaraq neftin qiymətində xeyli azalma oldu. 

“Son müharibə başlayanda neftin qiyməti 70 dolların aşağısında idi. Hətta hazırda müharibə gedir, amma bu gün neftin qiymətində enmə müşahidə olunur. 1 barel üçün 74 dollardan çox idi, amma bu gün düşüb və 73 dollar ətrafındadır. Təkcə bu fakt onu göstərir ki, müharibə gedə-gedə neftin qiyməti qalxmır, aşağı düşür”, - o əlavə edir. 

İqtisadçının fikrincə, neftin qiymətinə bu müharibədən daha çox ticarət müharibələrinin təsiri var. 

Çünki Tramp 150 ölkəyə tarif müharibəsi elan edəndə neftin qiyməti 79 dollardan 60 dollara qədər enmişdi. 

“Ona görə də mən məsələyə belə baxıram ki, əgər tarif müharibələri davam edərsə, neftin qiymətinə daha çox təsiri olacaq, nəinki İsrail-İran müharibəsinin", - Rövşən Ağayev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun