İyunun 17-də axşam saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Yerevanda erməni əsilli rusiyalı biznesmen, “Taşir” şirkətlər qrupunun sahibi, milyarder Samvel Karapetyanın evində axtarış aparıb.
Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.
Əməliyyat Karapetyan və ölkənin Baş naziri Nikol Paşinyan arasında söz atışmasının fonunda həyata keçirilib. Belə ki, son həftələrdə Paşinyan Ermənistan Apostol Kilsəsini tənqid edib, Samvel Karapetyan isə kilsəni dəstəkləyən bəyanatla çıxış edib:
“Mən həmişə Ermənistan kilsəsinin və xalqının tərəfində olmuşam. Əgər siyasətçilər uğursuz olsalar, biz bu kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik”, – deyə o vurğulayıb.
Paşinyan isə cavabında sonrakı addımların anonsunu verib: “Niyə birdən-birə pozğun "ruhanilər" və onların pozğun "xeyriyyəçiləri" fəallaşdı? Narahat olmayın, biz onları yenə deaktiv edəcəyik. Həmişəlik”.
Axtarışdan sonra Karapetyan güc strukturlarının müşayiəti ilə evindən çıxarılıb. Milyarderin vəkili bildirib ki, Karapetyana iyunun 18-də Ermənistan hakimiyyətini ələ keçirməyə açıq çağırışlar etmək ittihamı irəli sürülüb.
Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan da bir qrup şəxsin saxlanıldığını təsdiqləyib, lakin saxlanılanlar arasında Karapetyanın olub-olmadığını dəqiqləşdirməyib.
“Hazırda operativ tədbirlər davam etdirilir”, – deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məsələ ilə bağlı bildirib ki, Moskva vəziyyəti diqqətlə izləyir:
“Rusiyanın vətəndaşı olan Karapetyana qarşı Yerevanda əsassız ittihamlar irəli sürülür və onu həbslə hədələyirlər. Moskva onun hüquqlarının tam qorunması üçün lazım olan dəstəyi göstərəcək”.
Samvel Karapetyan “Forbes” jurnalının versiyasına görə Rusiyanın ən varlı adamları siyahısında 44-cü yerdə qərarlaşıb. Onun sərvəti 3,2 milyard dollar olaraq qiymətləndirilir. Biznesmen Rusiyada “Tashir” şirkətlər qrupuna və “Rio” ticarət mərkəzləri şəbəkəsinə sahibdir.
Karapetyanın evində keçirilən axtarışlardan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, milyarderin nəzarətində olan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi üçün tədbirlər görəcək:
“Düşünürəm ki, artıq vaxt yetişib və bu proses qısa müddətdə baş tutacaq. Mənim vəzifəm odur ki, şirkətin əməkdaşları öz işlərini vicdanla yerinə yetirsinlər”, – Paşinyan “Telegram” kanalında yazıb.
Eyni zamanda, Karapetyana qarşı aparılan istintaq fonunda Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib. Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb. Onun yerinə müvəqqəti olaraq xidmətin müavini Andranik Simonyan təyin olunub.