İyunun 15-də İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının nümayəndələri 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və siyasi məhbus Polad Aslanovla görüşüblər.
Bu barədə məlumatı Aslanovun həyat yoldaşı yayıb. Bildirilir ki, görüş zamanı Polad Aslanov Ombudsman nümayəndələrinə saxlanma şəraiti ilə bağlı şikayətlərini çatdırıb və onları şəxsən kamerasına baxış keçirməyə dəvət edib.
Jurnalist qeyd edib ki, dəfələrlə müəssisə rəhbərliyinə, o cümlədən rəis Rəşad Əhədova saxlanma şəraitinin acınacaqlı olması ilə bağlı müraciətlər edib, həmçinin ailəsi vasitəsilə Ədliyyə Nazirliyinə də şikayətlər göndərilib.
“Ancaq nəticəni öz gözlərinizlə görürsünüz”, - deyə Aslanov Ombudsman əməkdaşlarına bildirib. Onun sözlərinə görə, qaldığı kamerada üç məhbus döşəmədə yatır və minimal şərait belə təmin olunmayıb.
2019-cu ildən həbs edilən Polad Aslanov bu müddət ərzində dəfələrlə tibbi müayinəyə və müalicəyə ehtiyacı olduğunu qeyd edib:
“Bu il bir aydan artıq Tibb məntəqəsində saxlanıldım, amma heç bir müayinə aparılmadı. Yalnız qidalandırıcı sistemlər və əsəbləri sakitləşdirmək üçün “B” qrupu vitaminləri ilə kifayətləndilər”.
Aslanov əlavə edib ki, qanunvericiliyə zidd olaraq, aralarında münaqişə olan şəxslərlə eyni müəssisədə saxlanılır. Onun sözlərinə görə, onu şərləyən məhbusla eyni yerdə saxlanması həm təhlükəlidir, həm də qanun pozuntusudur.
Polad Aslanov bildirib ki, həbs olunmazdan bir neçə saat əvvəl barəsində eyni zamanda Baş Prokurorluqda başqa bir cinayət işi də açılıb, lakin sonradan bu işə xitam verilib. Buna baxmayaraq, nə vəkilinə, nə də ona həmin xitam qərarı təqdim olunmayıb.
Jurnalist iddia edir ki, istintaq təcridxanasında saxlanıldığı müddətdə həm mənəvi, həm də fiziki işgəncələrə məruz qalıb və qanunsuz şəkildə cərimə kamerasına (“kars”) salınıb. Rəsmi şikayətlərdən sonra prokurorluq əməkdaşları onunla görüşüb və o, onlara işgəncə ilə bağlı ərizə təqdim edib. Həmin şikayət üzrə cinayət işi açılsa da, daha sonra ona da xitam verilib. Lakin bu qərar da ona təqdim olunmayıb.
Aslanov hesab edir ki, xitam qərarlarının verilməməsi məqsədyönlüdür və onun yerli məhkəmələrə və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanını məhdudlaşdırmaq məqsədi daşıyır.
Polad Aslanov Ombudsman aparatının nümayəndələrinə bütün bu faktları sənədlərlə təqdim edib və onlardan hüquqi vəzifələrini icra etməyi tələb edib.
“xeberman.com” saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə həbs edilib və 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2022-ci il fevralın 24-də Ali Məhkəmə onun cəza müddətini 13 ilə qədər azaldıb.
O, bu ittihamı qəbul etməyib, tənqidçi fəaliyyətinə və DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazdığı yazılara görə cəzalandırıldığını deyib.
Hüquq müdafiəçiləri Polad Aslanovu siyasi məhbus kimi tanıyıblar.