“Toplum TV işi” üzrə saxlanılan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal Ədliyyə naziri Fərid Əhmədova açıq məktubla müraciət edib.
Məktubu "Toplum TV" dərc edib.
Siyasi məhbus kimi tanınan Əli Zeynal paylaşılan məktubunda bir zamanlar rektoru olmuş Fərid Əhmədova Bakı İstintaq Təcridxanasındakı şərait və müəssisə rəhbərliyinin fəaliyyəti ilə bağlı iradlarını çatdırıb.
O qeyd edib ki, təcridxananın rəisi və müavinləri ilə üzləşdiyi problemləri bölüşmək istəsə də, bu cəhdləri nəticəsiz qalıb:
“Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılova və ya onun müavinlərinə dəfələrlə müraciət etməyə çalışsam da, heç bir maraq göstərilmədi. Əvəzində barəmdə qurama bir şikayət və ya ərizə olduqda, rəhbərlik dərhal vaxt taparaq məni qəbul edir. Nə yaxşı ki, cərimə müəssisəsinə göndərilməyimlə bağlı əmr, qərar vermək üçün vaxt qrafikləri uyğun olur.
Zeynal məktubunda bildirib ki, onu zorla aparan konvoy əməkdaşları sonradan elə onun hücumuna məruz qaldıqları ilə bağlı şikayət ediblər:
“7-8 nəfər konvoyunuz qollarım qandallı formada məni ora-bura "dartışdırdıqdan" sonra şikayət etmişdilər ki, guya mən o vəziyyətdə təkbaşına onları döymüşəm. Ərizəmi hələ də heç kim mənə göstərməyib, tanış olmamışam. Amma "mənə deyilənə görə" təxminən belə idi”.
Əli Zeynal həmçinin təcridxanada aparılan yoxlamalardan da bəhs edib. Bildirib ki, Ədliyyə Nazirliyindən gələn komissiya öncədən işarə edilən kameraları yoxlayıb:
“Bu sayğı-dəyər "yoxlama" gəlməzdən öncə II korpusun 12-ci kamerasında bir-iki ay öncədən hazırlıqlar başladı. Təmir-bərpa işləri görüldü, hətta yeni şkaflar qoyuldu, dibçəklər qoyuldu, divardan dağ mənzərəli, çay, təbiətin gözəlliklərini göstərən şəkillər, peyzajlar asıldı. "Yoxlamanın" "yoxlayacağı" yerlər, kameralar öncədən, (hətta aylar öncəsindən) bəlli imiş!
Halbuki, həmin o 12-ci kamera ilə üzbəüz 19-cu kameraya da "təşrif buyrulsaydı", heç olmasa, 1-2 dəqiqəliyinə, mən sevə-sevə kanalizasiya sularının çirkləndirdiyi şəxsi əşyalarımızı, paltarlarımızı, yemək-içməklərimizi göstərərdim. Hətta iyrənən olmasa, yekə-yekə tarakanları da nümayiş etdirərdim.
Amma üzrlü sayın, nə qədər israr etsələr də, döşəmənin altından, kanalizasiya borularından çıxan siçanlar haqqında danışmaq istəməzdim. Yalandan da olsa "yoxlamaya" gələnlərin dəhşətə düşməyinə könlüm razı olmazdı” – Əli Zeynal yazıb.
Məktubunun sonunda Zeynal Ədliyyə nazirinə müraciətlə bildirib:
“Keçmiş rektorum Fərid Əhmədov, məndən eşitmiş olmayın, amma çox təəssüf ki, bunu sizə deməliyəm: "yoxlamanızı" "yoxlayın", "yoxlayanlarınızın yoxlanılmağa ehtiyacı var”.
Ədliyyə Nazirliyi və Bakı İstintaq Təcridxanasının rəhbərliyi hələlik bu iddialara münasibət bildirməyib.