9 təşkilat "Abzas Media"nın həbsdəki əməkdaşlarına qarşı qeyri-insani rəftarı pisləyib

9 təşkilat "Abzas Media"nın həbsdəki əməkdaşlarına qarşı qeyri-insani rəftarı pisləyib
29 İyul 2025
Mətni dəyiş

9 mətbuat azadlığı və jurnalist təşkilatı “Abzas Media”nın həbsdə olan jurnalistlərinə qarşı artan pis rəftardan dərin narahatlıq keçirdiklərini bildirirlər.

Yayılmış bəyanatda qeyd edilir ki, 2023-cü ilin noyabr ayından bəri Azərbaycan hakimiyyəti azı 25 jurnalisti həbs edib və bu həbslər onların apardıqları araşdırmalara qarşı açıq qisas kimi qiymətləndirilir.

Bildirilir ki, “Abzas Media”nın əməkdaşları həbsdə ağır şəraitlə üzləşiblər.

“Biz - aşağıda imzası olan mətbuat azadlığı, ifadə azadlığı və jurnalist təşkilatları olaraq, “Abzas Media”nın həbsdə olan jurnalistlərinə qarşı artan pis rəftarla bağlı dərin narahatlığımızı ifadə edir və Azərbaycan hakimiyyətini BMT-nin İşgəncələrə Qarşı Konvensiyası və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt da daxil olmaqla, beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırırıq”, bəyanatda qeyd edilir.

Təşkilatlar Azərbaycan hakimiyyətindən saxlanılan jurnalistlərə insani və ləyaqətli şəraitin yaradılmasını, onlara dərhal tibbi və hüquqi yardıma çıxış imkanının təmin olunmasını və ölkənin beynəlxalq hüquq öhdəliklərinə əməl etməsini tələb edib.

Bəyanatda o da qeyd edilir ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli 2025-ci il iyunun 20-də, Bakı Ağır Cinayətlər Məhkəməsində doqquz il həbs cəzasına məhkum edildikdən sonra uzaq Umbakı həbsxanasında qəbuledilməz şəraitdə saxlanılır.

“O, təmiz geyimlə təmin olunmayıb, gələngünkü paltarla qalmağa məcbur edilib. Qırıq çarpayıda yatmaq isə onun səhhətinə mənfi təsir göstərib. Ailəsinin dediyinə görə, Həsənli iki həbsxana əməkdaşının fiziki təzyiqibə məruz qalıb, nəticədə paltarları cırılıb və ayağından xəsarət alıb”.

Təşkilatlar Ülvi Həsənlinin aclıq aksiyasından da yazıblar:

“Vəkillər 2023-cü il tarixli məhkəmə qərarının Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında saxlanılmasını göstərdiyini bildirsə də, Penitensiar Xidmət onu hələ də başqa yerdə saxlayır. Həsənli daha əvvəl qanunsuz saxlanılmasına etiraz olaraq doqquz günlük aclıq aksiyası keçirmişdi. İyulun 20-də o, köçürülmədiyi üçün aclıq aksiyasını yenidən bərpa edib”.

Bəyanatda “Abzas Media”nın qadın əməkdaşlarının da aclıq aksiyasına qoşulduğu və buna görə qeyri-insani münasibətə məruz qaldığı vurğulanıb:

“Həbs edilən qadın həmkarları Sevinc Vaqifqızı (eyni iş üzrə 9 il həbs), Nərgiz Absalamova və Elnarə Qasımova (8 il həbs) həmrəylik olaraq aclıq aksiyasına qoşulublar və aksiyanın müddətsiz olacağını açıqlayıblar. Onların əsas tələbi Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmasıdır. İyulun 22-də isə bu üç jurnalist öz kameralarından çıxarılaraq duşsuz, ventilyasiyasız, pəncərəsiz tənha otaqlara salınıblar. Nərgiz Absalamova isə rəis müavininin fiziki təzyiqinə məruz qalıb və onun qollarında göyərtilər müşahidə olunub”.

Təşkilatlar Azərbaycan hakimiyyətini mövcud məhkəmə qərarına uyğun olaraq Ülvi Həsənlini Bakı İstintaq Təcridxanasına köçürməyə, həmçinin onun həmkarlarının qanuni şəkildə və insan ləyaqətinə uyğun saxlanılmasına çağırıb:

“Süni təcrid, əsas ehtiyacların təmin edilməməsi, fiziki zorakılıq və təzyiq üsullarının dayandırılması tələb olunur”.

Bəyanatı Jurnalistlər üçün Ədalət Fondu (JFJ), Avropa Jurnalistlər Federasiyası (EFJ), Beynəlxalq Mətbuat İnstitutu (IPI), Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF), Senzuraya Qarşı İndeks (İndex on Cencorship), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Sərhədsiz Reportyorlar (RSF) və Rory Pek Fondu (RPT) imzalayıb.

***

“Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli artıq 10 gündür ki aclıq edir.

Həsənli bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

 “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 28-də, aclığın 7-ci günündə aksiyanı dayandırıblar. Onlar bunu ailə üzvlərinin pisləşən səhhəti ilə əlaqələndiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun