"Abzas Media"nın BƏYANATI

"Abzas Media"nın BƏYANATI
23 İyul 2025
Mətni dəyiş

İyulun 23-də hökumətyönlü mətbuatda yayımlanan yazılı və video materialda “Abzas Media” ilə bağlı iddialarla əlaqədar mövqeyimizi ictimaiyyətə çatdırmaq zərurəti yaranıb.

Bildirmək istəyirik ki, sözügedən materiallarda “Abzas Media”ya qarşı səsləndirilən ittihamlar tamamilə əsassızdır və heç bir hüquqi və faktiki əsaslara söykənmir. 

“Abzas Media” hazırda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmir və ölkə daxilində heç bir fiziki və ya hüquqi şəxslə əməkdaşlıq etmir. 

2023-cü ilin noyabrından etibarən "Abzas Media" əməkdaşlarına qarşı başladılan həbs dalğasından sonra elan etdiyimiz kimi, biz bir ildən çoxdur fəaliyyətimizi ölkə hüdudlarından kənarda, xaricdə qərarlaşmış jurnalistlər və baş redaktorla davam etdiririk.

Bu cür informasiyalar ictimai rəyi çaşdırmağa, müstəqil medianın nüfuzuna xələl gətirməyə və əsas məqsədi ictimai maraqları qorumaq olan jurnalist fəaliyyəti üzərinə kölgə salmağa yönəlib.

“Abzas Media” bir daha bildirir ki, fəaliyyətimiz insan hüquqlarının qorunmasına və korrupsiya ilə mübarizə aparan peşəkar, müstəqil jurnalistika dəyərlərinə əsaslanır.

Bir daha vurğulayırıq ki, 7,5-9 il həbs cəzası verilən “Abzas Media” əməkdaşları qaçaqmalçılıqla və ya hər hansı digər qanunsuz fəaliyyətlə məşğul olmamışdır. 

Onların yeganə fəaliyyəti - cəmiyyətdə baş verən korrupsiya halları, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər hüquq pozuntuları ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması olub. Onlar jurnalist fəaliyyətlərinə və işıqlandırdıqları faktlara görə hədəf alınıblar.

Jurnalistika cinayət deyil və azad media susdurula bilməz!

Abzas Media

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun