“Abzas Media”nın həbsdə olan qadın jurnalistləri Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsini tələb edir.
Onlar bildirib ki, Həsənlinin BİT-ə köçürüləcəyi barədə vədlər yerinə yetirilmir və təcridxana rəhbərliyi hazırda başqa “həll yolları” təklif edir.
Bu barədə "Abzas Media"ya jurnalistlərin yaxınları məlumat verib.
Məlumata görə, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmalıyov deyib ki, "Ülvi Həsənli ilə bağlı zəng edib xahiş edə bilər ki, Apellyasiya Məhkəməsinə qədər “sentrala” (red.: Penitensiar Xidmətin Müalicə Müəssisəsi) köçürülsün, orada şərait yaxşıdır".
Bu barədə o, nəşrin həbsdəki əməkdaşı Nərgiz Absalamovaya bildirib.
Elnur İsmayılov deyib ki, "Apellyasiya Məhkəməsində vəkilləri Ülvi Həsənli üçün vəsatət verərlər, o da “sentraldan” Bakı İstintaq Təcridxanasına gətirilər".
"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı ailəsi ilə görüşündə bildirib ki, onlar bu təklifə razı olmayıblar və deyiblər ki, Ülvi buradan qanunsuz aparılıb, geri qaytarılmalıdır.
“Biz tələb edirik, xahiş etmirik. Ülvi bura gətiriləcək. Üstəlik də "sentral" müalicə müəssisəsidir, xəstəliyi olanlar orada müalicə almalıdır. Ülvinin müalicəyə ehtiyacı yoxdur. Ehtiyacı olan məhbusun haqqını pozub, bu imkanı onun əlindən alıb Ülvini ora yerləşdirməyə razı ola bilmərik. Rəisdən də istəyimiz odur ki, vəzifəsindən sui-istifadə edib qanunsuz xahişlər etməsin,” – Sevinc Vaqifqızı bildirib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.
Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib.
Aclıq aksiyasına "Abzas Media"nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və "Meydan TV işi" üzrə həbs edilən dörd jurnalist- Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulub.
İyulun 20-də Ülvi Həsənli bildirib ki, ona verilən vədlər yerinə yetirilmədiyi üçün, o, yenidən müddətsiz aclığa başlayır.