“Abzas Media”nın həbsdəki qadın əməkdaşlarının ictimaiyyətə müraciəti

“Abzas Media”nın həbsdəki qadın əməkdaşlarının ictimaiyyətə müraciəti
25 İyul 2025
Mətni dəyiş

Aclığın 4-cü günündə Bakı İstintaq Təcrüdxanasında saxlanılan “Abzas Media”nın qadın əməkdaşları ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciəti təqdim edirik:

Biz aclığa başlayandan demək olar ki, korpusa su vermirlər. Səhər və axşam yarım saat su verilir. Bu müddətdə 153 qadın nə yuyuna bilir, nə çirkli qablarını yuya bilir, nə də boş qalan su qablarını doldura bilir.

23 iyulda isti su günümüz idi. Həmin gün 3 saat isti su verilir, amma bu dəfə verilmədi.

23 iyul axşam cəmi 15 dəqiqə soyuq su verildi, məhbuslar qapıları döyüb su tələb edəndən sonra 15 dəqiqə su verildi və dayandırıldı.

İstidən kameralar od tutub yandığı vaxt 3 mərtəbədə yerləşən 350-dən çox həbs edilmiş şəxsə əziyyət verilir. Dustaqlar əl-üzlərini yumaq üçün bir ovuc su tapmırlar.

Onlar şikayətlənirlər ki, biz aclığa başlamışıq deyə korpusa su verilmir. Beləcə dustaqları üstümüzə qaldırırlar. Biz, Penitensiar Xidmət rəhbərliyini insanlara bu cür işgəncə verməkdən əl çəkməyə çağırırıq.

Bilirik ki, məqsədləri dustaqları üstümüzə qaldırmaq və onlarla qarşılaşdıqda bizə xəsarət yetirmələrinə rəvac verməkdir.

Bizə qarşı baş verən bu haqsızlıqların İlham Əliyevin icazəsi ilə baş verdiyini bilirik və başımıza gələcək bütün pis hadisələrdə onu məsuliyyətli biləcəyik.

Sevinc, Nərgiz, Elnarə

***

“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.

Onlar İyulun 20-də müddətsiz aclığa başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

Ülvi Həsənli artıq 6 gündür aclıq edir. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun