“Abzas Media”nın həbsdə olan qadın jurnalistləri aclıq aksiyasına görə Bakı İstintaq Təcridxanasında qeyri-insani münasibətlə üzləşdiklərini deyirlər.
Bu barədə jurnalistlərin yaxınları məlumat verib.
“Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-də yenidən aclıq aksiyasına başladıqdan sonra nəşrin əməkdaşları Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova da iyulun 22-də ona qoşulublar.
“21 iyulda rəis Elnur İsmayılova rəsmi ərizə yazıb 22 iyuldan aclığa başlayacağımızı bildirdik. Səbəb Ülvi Həsənlinin qanunsuz olaraq Umbakıya köçürülməsi və öncəki aclıq aksiyasında ona bir həftəyə Bakı İstintaq Təcridxanasına köçürüləcəyi ilə bağlı verilən vədin yerinə yetirilməməsidir”, jurnalistlər bildirib.
“22 iyulda bizi rəis Elnur İsmayılovun qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardılar. Onun müavini Əhəd Abdıyevin otağında saat yarım gözləyəndən sonra dedilər ki, Penitensiar Xidmətdən nümayəndələr gəlmişdilər, sizinlə görüşmək istəyirdilər, amma fikirlərini dəyişib getdilər. Qabağımıza çıxmağa ürək etməyiblər,” jurnalistlər deyib.
Daha sonra onlar öz otaqlarından çıxarılıb ayrı otaqlarda yerləşdiriliblər və hazırda hər biri tək qalır.
“Üçümüzün də otağında duş sistemi yoxdur, pəncərənin şüşələri çıxarılmayıb, normal havalandırma yoxdur. Otaqların hamısı natəmizdir və otaq yoldaşlarımıza da icazə vermədilər ki, otaqları təmizləmədə bizə kömək etsinlər”, jurnalistlər deyib.
Bildirilib ki, Nərgiz Absalamova öz otağından çıxmaq istəmədiyi üçün rəis müavini Əhəd Abdıyev tərəfindən zorakılığa məruz qalıb:
“Əhəd Abdıyev onu güclə otaqdan çıxarmaq istədi. Nərgizin qollarında qançır izləri qalıb və sivrilib”.
Jurnalistlər bu qeyri-insani münasibətin aclığı dayandırmaları üçün təşkil olunduğunu bildiriblər.
“Ülvi təcridxanaya qaytarılmayınca aclığı dayandırmayacağıq”, onlar deyiblər.
İyulun 20-də "Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.
Həsənli bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7,5-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.
Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib.
Aclıq aksiyasına "Abzas Media"nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və "Meydan TV işi" üzrə həbs edilən dörd jurnalist- Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulub.