İyulun 20-də müddətsiz aclıq aksiyasına başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin cərimə kamerasına (“kars”) salındığı bildirilir.
Bu barədə Həsənli iyulun 21-də ailəsi ilə telefon danışığında məlumat verib.
Ülvi Həsənli bildirib ki, təcridxana rəhbərliyi onun aclığa başlaması ilə bağlı ərizəsini qəbul etmək istəməyib. Yalnız iyulun 21-də nəhayət ərizə qəbul olunub.
Jurnalist deyib ki, telefon danışığından sonra onu cərimə kamerasına köçürəcəklər.
O əlavə edib ki, hazırda saxlanıldığı kamera boğanaqdır, xüsusilə son günlərdəki isti havalarda orada qalmaq dözülməz hal alıb. Həsənlinin fikrincə, cərimə kamerasında qalmaq bundan daha çətin olacaq.
Ülvi Həsənli aclıq aksiyasına başlayandan sonra baş ağrılarının olduğunu, təzyiqinin düşdüyünü və ürək döyüntülərinin sürətləndiyini də deyib.
İyulun 20-də "Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Aclıq aksiyasına "Abzas Media"nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova da qoşulur.