Aclıq edən Ülvi Həsənli huşunu itirib

Aclıq edən Ülvi Həsənli huşunu itirib
24 İyul 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli aclıq aksiyası zamanı səhhətində yaranan problemlər səbəbilə huşunu itirib. Bu barədə məlumatı onun yaxınları “Abzas Media”ya verib.

Məlumata görə, 5 gündür aclıq edən Həsənli iyulun 21-də huşunu itirib.

Yaxınlarının bildirdiyinə görə, o, aclıq müddətində 6 kiloqram çəki itirib və hazırda 68 kiloqram çəkiyə malikdir (əvvəllər 74 kq olub).

Onun qan təzyiqi 105/90 səviyyəsində qeydə alınıb.

Aclıq aksiyasını davam etdirən “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı isə yaxınları ilə telefon danışığı zamanı bildirib ki, 3 gündə 2 kiloqram çəki itirib.

Sevinc Vaqifqızı və "Abzas Media"nın həbsdə olan əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.

Onlar İyulun 20-də müddətsiz aclığa başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

Aclıq elan edildikdən sonra Vaqifqızı, Absalamova və Qasımova öz otaqlarından çıxarılaraq ayrı otaqlarda yerləşdiriliblər və Nərgiz Absalamova bu zaman zorakılığa məruz qalıb. 

Ülvi Həsənli artıq 5 gündür aclıq edir. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.
 
Həsənli bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7,5-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. 

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun