Avropa İnsan Haqları Məhkəməsi Taleh Bağırzadənin işgəncəyə məruz qaldığını təsdiqləyib

Avropa İnsan Haqları Məhkəməsi Taleh Bağırzadənin işgəncəyə məruz qaldığını təsdiqləyib
17 İyul 2025
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyulun 16-da Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə və jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) işgəncəyə məruz qalmaları ilə bağlı şikayətləri üzrə qərarını elan edib.

Məhkəmə hər iki halda insan hüquqlarının pozulduğunu tanıyıb.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılarkən işgəncəyə məruz qaldığını bildirmişdi. Şikayətində onun fiziki zorakılığa məruz qalması tibbi sənədlərlə də təsdiqlənmişdi.

AİHM hesab edib ki, Azərbaycan hökuməti onun işgəncə iddiası ilə bağlı effektiv və hərtərəfli araşdırma aparmayıb. Bu səbəbdən Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin (işgəncənin qadağan olunması) həm maddi, həm də prosedur aspektdən pozulduğuna qərar verib.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində ikisi polis olmaqla altı nəfər ölüb, Taleh Bağırzadə və bir qrup tərəfdarı saxlanılıb. Bağırzadə daha sonra 20 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib və məhkəmədə silahlı müqavimət göstərmədiklərini bildirib.

AİHM, həmçinin jurnalist Fikrət İbişbəylinin də 2016-cı ildə BMCMİ əməkdaşları saxlayarkən işgəncəyə məruz qalması ilə bağlı şikayətini haqlı hesab edib. Məhkəmə qeyd edib ki, dövlət onun iddiasını effektiv şəkildə araşdırmayıb və bu, Konvensiyanın 3-cü maddəsinin pozuntusudur.

Fikrət İbişbəyli 2016-cı ilin iyununda saxlanılıb, 2017-ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il həbs cəzası alıb. O, restoran və digər obyekt sahiblərindən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunub. Jurnalist ittihamları rədd edib və sifarişlə həbs olunduğunu bəyan edib. İbişbəyli 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa Məhkəməsi Taleh Bağırzadəyə mənəvi zərərə görə 10 min avro, Fikrət İbişbəyliyə isə 5 min avro kompensasiya ödənilməsinə qərar verib.

Qərarla bağlı Azərbaycan Məhkəmə-Hüquq Şurası, Daxili İşlər Nazirliyi və digər dövlət qurumlarından şərh almaq mümkün olmayıb. Lakin Daxili İşlər Nazirliyi indiyə qədər işgəncə ilə bağlı bu tip şikayətləri əsassız hesab edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun