Abzas Media-nın baş redaktoru və saxta ittihamlarla doqquz il azadlıqdan məhrum edilən Sevinc Vaqifqızı Qərb ölkələrinin media nümayəndələrinə qarşı repressiyalara susqun qalmasını tənqid edib.
O bu barədə Sərhədsiz Reportyorlara (RSF) ünvanladığı məktubda danışıb.
RSF onun müraciətini ictimailəşdirərək Sevinc Vaqifqızının, habelə həbsdə olan 24 digər jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.
Məktubun tam mətnini buradan oxuyun.
Məktub ölkədə müstəqil jurnalistlərin susdurulduğunu, hökumətin “medianın inkişafı” iddiasının gerçəkliyi əks etdirmədiyini göstərir, RSF qeyd edir.
“Hökumət üçün verilən hər sual müdaxilə kimi görünür. Onlar müdaxilə istəmir – sualsız itaət istəyirlər,” Vaqifqızı məktubunda yazır.
Sevinc Vaqifqızı 20 iyun tarixində altı həmkarı ilə birlikdə “xarici valyutanın qaçaqmalçılığı” kimi saxta ittihamla ədalətsiz məhkəmə nəticəsində doqquz il həbs cəzası alıb.
RSF-nin məlumatına görə, hazırda Azərbaycanda ümumilikdə 25 jurnalist həbsdədir.
Bir səhifə yarımlıq məktubunda Sevinc Vaqifqızı Qərb demokratiyalarının bu həbslərə qarşı ümumi laqeydliyini qınayır.
Onun sözlərinə görə, bu ölkələr yalnız “narahatıq” bəyanatları ilə kifayətlənir və daha sonra hər şey əvvəlki kimi davam edir.
O bildirir ki, iqtisadi maraqlar – məsələn, qaz ticarəti – insan hüquqlarını kölgədə qoyur və nəticədə siyasi məhbuslar unudulur.
“Ailələrimizin və vəkillərimizin ziyarətlərində tez-tez eşitdiyimiz bir cümlə var – "sizi unudublar",” – deyə Vaqifqızı yazır.
Bakıdakı həbs kamerasından Sevinc Vaqifqızı güclü bir mesaj göndərir – bu mesaj onun dövlət təzyiqləri qarşısında mətbuat azadlığı uğrunda yorulmadan apardığı mübarizəni əks etdirir.
RSF bu çağırışı yayaraq beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə, onun və Azərbaycanda əsassız şəkildə həbs edilmiş digər 24 jurnalistin dərhal azad olunmasını təmin etməyə çağırıb.