BP bildirib ki, Azərbaycanın bəzi neft göndərişlərində çirklənmə ehtimalı ilə bağlı məlumat alıb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Şirkətin açıqlamasına görə, problem üzvi xlorid adlı kimyəvi maddə ilə bağlıdır. Bu maddə yüksək miqdarda olduqda neftin emal olunduğu zavodlara və avadanlıqlara zərər vura bilər.
İtaliyanın Eni şirkəti bu partiyalardan bəzilərini aldığını və həmin neftin bir hissəsinin artıq emal sisteminə daxil olduğunu bildirib.
Azərbaycan nefti əsasən Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdırılır. Bu kəmərin operatoru olan BP-nin sözlərinə görə, hazırda boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti yoxlanılır.
Şirkət bildirib ki, 2025-ci ilin əvvəlindən bu günə qədər BTC kəməri ilə gündəlik təxminən 575 min barel neft ixrac olunub. Keyfiyyəti artıq yoxlanılmış tanklardan neftin daşınması davam edir. Lakin bəzi obyektlərdə yoxlamalar hələ tamamlanmayıb.
Oxşar problem 2019-cu ildə Rusiyada da yaşanmışdı. O zaman üzvi xloridin yüksək miqdarda olması səbəbindən neft bazarında ciddi pozuntular baş vermiş, qiymətlər düşmüş, bəzi alıcılar isə alternativ mənbələr axtarmağa məcbur qalmışdı.
Eni şirkəti bildirib ki, bu dəfəki çirklənmə daxili testlər nəticəsində müəyyən olunub və çirklənmiş neft təhlükəsiz şəkildə emal ediləcək.
Bu arada, “Searanger” adlı neft tankeri çərşənbə günü Ceyhan limanında Azərbaycan neftini qəbul etməyə hazırlaşıb. Bu barədə iki liman agenti məlumat verib. Bu isə o deməkdir ki, göndərişlər tamamilə dayandırılmayıb. Halbuki bir gün əvvəl bəzi partiyaların müvəqqəti saxlanıldığı deyilirdi.
Hazırkı vəziyyət Azeri Light markalı Azərbaycan neftinin dəyərinə də təsir etməyə başlayıb. Ticarətçilərin məlumatına görə, bu həftə iki partiya neft son dörd ildən çox müddətdə ən aşağı qiymətlərlə alınıb-satılıb.