İctimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin keçmiş sədri Hacı Vəliyev aclıq aksiyasını dayandırdığını bildirib.
O bu barədə ailəsi ilə telefon danışığı zamanı məlumat verib.
Vəliyev bu qərarı ailəsinin təkidi və səhhətində yaranan ciddi problemlər səbəbilə verdiyini qeyd edib.
Yaxınları bildirir ki, Hacı Vəliyev saxlanma şəraitindən və gözündəki ciddi problemin hələ də müalicə olunmamasından narazıdır:
"Uzunmüddətli aclıq aksiyasının onun fiziki və psixoloji vəziyyətinə dərin mənfi təsir göstərdiyi aydındır və bu, artıq geri dönməz fəsadlara səbəb ola bilər".
Ailəsi və yaxınları Hacı Vəliyevin səhhəti ilə bağlı yaranmış vəziyyətdən ciddi narahatlıq keçirdiklərini də bildirirlər və onun ev dustaqlığına buraxılmasını istəyirlər.
Hacı Vəliyev iyunun 21-dən “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başlamışdı.
O, İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirib.
Vəliyev martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.
Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.