Hüquqşünaslar: "Təcridxana rəisinin Sevinc Vaqifqızına sərinkeş verməməsini hüquqi baxımdan mübahisələndirmək olar"

Hüquqşünaslar: "Təcridxana rəisinin Sevinc Vaqifqızına sərinkeş verməməsini hüquqi baxımdan mübahisələndirmək olar"
24 İyul 2025
Mətni dəyiş

Xəbər verdiyimiz kimi, iyulun 17-də "Abzas Media"nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı məlumat yayaraq ailəsinin onun üçün gətirdiyi sərinkeşə Bakı İstintaq Təcridxanasının rəhbərliyinin həftələrdir icazə vermədiyini bildirib.

Vaqifqızının sözlərinə görə, təcridxana rəisinin müavini Əhəd Abdıyev sərinkeşə niyə icazə verilmədiyi sualına “Ürəyimiz belə istəyir. Keçən il ürəyimiz istədi, sərinkeşi içəri buraxdıq, bu il isə ürəyimiz belə istəyir, icazə vermirik”, cavabını verib.

Jurnalist bildirib ki, Əhəd Abdıyev, həmçinin məhbuslara sərinkeş vermək öhdəliklərinin olmadığını da deyib.

"Abzas Media" Bakı İstintaq Təcridxanasının rəis müavinin bu iddiasının doğruluğunu araşdırmaq üçün bir neçə hüquqşünasa müraciət edib.

Saytımıza müsahibə verən hüquqşünaslar qeyd ediblər ki, Azərbaycan BMT-nin və digər aidiyyəti beynəlxalq sənədlərin iştirakçısıdır. Buna görə də öz milli standartlarında bunu nəzərə almalıdır. 

"BMT-nin cəzaçəkmə müəssisələrində, eyni zamanda islah təcridxanalarında saxlanılan şəxslərlə rəftarla bağlı minimum qaydalar üzrə standartları var. Buna BMT standartları, yaxud Nelson Mandela qaydaları da deyilir.

Həmin standartların 13-cü qaydasına əsasən, məhbusların saxlanma şəraitində rəhbər prinsip olaraq onların sağlamlığına xidmət etməsi əsas götürülür.

Bu zaman orada sanitar vəziyyət, adambaşına düşən saxlanma sahəsi, istilik və soyutma sistemi, müəyyən fəaliyyətlə məşğul olmaq, kitab oxumaq, nəsə yazmaq üçün işıq onları təmin edəcək standartlarda olmalıdır".

Hüquqşünasların sözlərinə görə, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin (CPT) müxtəlif ölkələrin praktikasıyla bağlı verdiyi rəylər və onların əsasında hazırlanmış tövsiyələri də var. Orada da yuxarıda sadalanan məsələlər xüsusi vurğulanıb.

Ancaq Azərbaycan 2 ildən artıqdır İşgəncələr Əleyhinə Komitə ilə əməkdaşlığı dayandırıb və onları ölkəyə dəvət etmir, buna görə də ölkə həbsxanalarında vəziyyətə nəzarətdə kommunikasiya problemi yaranıb.

Hüquq müdafiəçiləri bildirirlər ki, bununla yanaşı, Azərbaycanın Milli Normativ sənədləri də mövcuddur.

"Azərbaycanın tərəf olduğu beynəlxalq sənədlər xatırladıldıqda qarşı tərəf suveren, müstəqil ölkə olduğunu əsas gətirərək öz normativ aktlarının olduğunu deyə bilər. Ancaq hamımız anlayırıq ki, Azərbaycan bu coğrafiyada yalnız öz qaydaları ilə yaşaya biləcək bir dövlət deyil. Biz Avropa Şurasının üzvüyük, qarşısında qanuni öhdəliklərimiz var. Avropa Birliyi ilə əhatəli saziş imzalanması ilə bağlı artıq 10 ildən artıq bir müddətdə danışıqlar aparan bir ölkəyik. Dəfələrlə formatlar dəyişilib, adlar dəyişilib, amma bu, davam edir. Azərbaycanla Avropa Birliyi arasında sonuncu mərhələyədək insan hüquqları ilə bağlı dialoq həyata keçirilib. Bu dialoqlarda müzakirə olunan məsələlərdən biri də insan hüquq və azadlıqları mövzusunun tərkibi kimi cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında olan insanların hüquq və azadlıqları məsələsidir. Saxlanma şəraiti də ona aid olan məsələdir. Ayrıca götürülə bilməz", -hüquq müdafiəçiləri bildirirlər.

Bununla belə, vurğulanır ki, Azərbaycandakı penitensiar müəssisələrin, istintaq təcridxanaların öz milli normativləri də var:

"Penitensiar müəssisələrdə haqqında danışdığımız sərinkeş məsələsi, istilik sistemi və digər təchizat məsələləri vahid bir mərkəzdən təmin edilir. Bunlar daxili qaydalarda da göstərilib. Bu, Penitensiar müəssisələrin daxili nizam sənədlərində yer alıb".

Hüquqşünaslar bildirirlər ki, istintaq təcridxanalarında qaydalar fərqlidir:

"İstintaq təcridxanalarının daxili nizam qaydalarına əsasən, həbs edilmiş şəxslərə üzərlərində saxlamağa, əldə etməyə bağlama və banderollarda göndərilməsinə icazə verilmiş əşya, mallar və ərzaq məhsullarının siyahısı var. O siyahıda sərinkeş də var və təcridxanada saxlanılan şəxsin bunları qəbul etməsi tamamilə qanuni və hüquqidir. Bununla bağlı heç bir ayrıseçkiliyə yol verilə bilməz. Əks halda, bu, artıq məhkəmə predmetinə çevrilir. Bu baxımdan burada heç bir mübahisəli məqam yoxdur.

Sadəcə bir qeyd var. Həmin qeydə əsasən, istintaq təcridxanalarının daxili intizam qaydalarına görə, həbs edilmiş şəxslərə qayış, əldə tikiş üçün iynə, güzgü, üzqırxan ülgüc və ya elektrik ülgücü, alışqan istintaq təcridxanasının rəisinin icazəsi ilə verilir. Bu sadalanan siyahıda həm də sərinkeş var. Yəni, sərinkeşin verilməsi də istintaq təcridxanasının rəisinin icazəsi ilə olmalıdır".

Buna baxmayaraq, hüquqşünasların fikrincə, Sevinc Vaqifqızı ilə bağlı situasiyada istintaq təcridxanasının rəhbəri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib və sərinkeşin verilməsinə problem yaradıb, bununla bağlı şərtlər qoyub. 

Hüquq müdafiəçiləri bidirirlər ki, yaranan bu problemi hüquqi baxımdan mübahisələndirmək mümkündür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun