İlham Əliyev: "Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyanı məhkəməyə verməyə hazırlaşır"

İlham Əliyev: "Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyanı məhkəməyə verməyə hazırlaşır" Foto: Prezident.az
22 İyul 2025
Mətni dəyiş

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, rəsmi Bakı 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzasına görə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa hazırlaşır.

Onun sözlərinə görə, hadisədən artıq yeddi ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də rəsmi cavab verməyib və məsuliyyəti qəbul etməyib:

“Biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir.”

Prezident qeyd edib ki, hadisədən sonra Azərbaycan tərəfi dərhal hərəkətə keçib, Aktau şəhərinə nümayəndə heyəti göndərilib və təyyarənin gövdəsində çoxsaylı deşiklər aşkar edilib. Hətta iki nəfər sərnişin qəlpə yarası alıb.

Rusiya tərəfinin insidentin guya Ukrayna dronu ilə toqquşma nəticəsində baş verdiyi barədə versiyası Prezident Əliyev tərəfindən qəti şəkildə rədd olunub:

“Bu, gülünc bir iddia idi. Uşaq bağçası səviyyəsində hekayədir.”

O əlavə edib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya Təhqiqat Komitəsinə dəfələrlə məktub ünvanlayıb, lakin cavab yalnız bu olub: “Təhqiqat davam edir.”

İlham Əliyev onu da deyib ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq hüquqi mexanizmləri işə salmağa hazırlaşır:

“Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”

2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarəyə Bakından Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib və nəticədə 38 sərnişin və ekipaj üzvü həlak olub.

Azərbaycan bildirib ki, uçuş Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və buna görə Kreml günahını etiraf etməli, təzminat ödəməli və hadisəyə birbaşa cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etməlidir.

Rusiya Prezidenti Vladimir Putin hadisəyə görə üzr istəsə də, birbaşa məsuliyyəti öz üzərinə götürməyib, bu isə iki ölkə arasında münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun