“Toplum TV işi”: "Ədalətli məhkəmə gözləntim olmasa da, ən azı cəmiyyətə məlumat çatdırmaq üçün məhkəmədə danışmaq qərarına gəldim”

“Toplum TV işi”: "Ədalətli məhkəmə gözləntim olmasa da, ən azı cəmiyyətə məlumat çatdırmaq üçün məhkəmədə danışmaq qərarına gəldim” Foto: Toplum TV
7 İyul 2025
Mətni dəyiş

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən iclasda başladığı çıxışını davam etdirib. 

O, çıxışında İDİ-nin yaranma tarixindən və gənclərin maarifləndirilməsi məqsədilə keçirilən təlimlərdən danışıb.

Qurbanov istintaq dövründə ifadə verməməsinə səbəb olaraq bildirib ki, istintaq orqanı qondarma sübutlar toplamaqla məşğul olub və o, buna etiraz edib. Onun sözlərinə görə, ədalətli məhkəmə gözləntisi olmasa da, ən azı cəmiyyətə məlumat çatdırmaq üçün məhkəmədə danışmaq qərarı verib.

Hakim vaxt məhdudiyyətini əsas gətirərək Akif Qurbanovun çıxışını yarımçıq saxlayıb.

Məhkəmədə “Toplum TV” əməkdaşı Fərid İsmayılov da bir neçə vəsatətlə çıxış edib. O, hökumətyönlü mediada haqqında yayımlanan və istintaq sirri olduğu iddia edilən məlumatlarla bağlı araşdırma aparılmasını istəyib. Hakim ondan həmin yazıların ekran görüntülərini növbəti iclasa təqdim etməsini tələb edib.

Fərid İsmayılov digər vəsatətində Dövlət Vergi Xidmətinin bu iş üzrə həbs edilən şəxslərdən 79 min manat tələb etməsini prosessual pozuntu adlandırıb. Hakim isə yalnız təqsirləndirilən şəxslərin çıxışları tamamlandıqdan sonra zərərçəkmiş tərəfə suallar ünvanlana biləcəyini bildirib.

Vəsatətlər baxılmamış saxlanılıb.

Məhkəmə prosesi iyulun 14-də saat 10:00-da davam edəcək.

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.

Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun