Ülvi Həsənli 4 gündür aclıq edir, ailəsi narahatdır

Ülvi Həsənli 4 gündür aclıq edir, ailəsi narahatdır
23 İyul 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli 4 gündür aclıq edir.

Ailəsi "Abzas Media"ya bildirib ki, Həsənlinin sağlamlığından narahatdırlar.

"Ürəyində problem var. Keçən dəfəki 9 günlük aclıq aksiyasının fəsadları gözlə görünəcək qədər hiss olunur, orqanizmi zəifləyib", Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva deyib.

Onun sözlərinə görə, Həsənli həm ürək ağrılarından, həm də baş ağrısından əziyyət çəkir.

"Ülvi deyir ki, gecələr bəzən ürək döyüntüsünün səsinə oyanır. Ümumi vəziyyətinə, sağlamlığına görə narahatam. Nə olacağını bilmirəm", o qeyd edib. 

İyulun 20-də "Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.
 
Həsənli bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7,5-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. 

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib. 

Aclıq aksiyasına "Abzas Media"nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və "Meydan TV işi" üzrə həbs edilən dörd jurnalist- Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun