Ülvi Həsənli vəd verilməsinə baxmayaraq Bakı İstintaq Təcridxanasına köçürülmədiyi üçün yenidən aclığa başlayır

Ülvi Həsənli vəd verilməsinə baxmayaraq Bakı İstintaq Təcridxanasına köçürülmədiyi üçün yenidən aclığa başlayır Foto: sosial media
20 İyul 2025
Mətni dəyiş

"Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənli bu gün ailə üzvləri ilə görüşündə müddətsiz aclıq aksiyasına başladığını elan edib.

O, bununla bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:

Əziz dostlar, bu gündən – iyulun 20-dən müddətsiz aclıq aksiyasına başlayıram. Buna səbəb Penitensiar Xidmətin (PX) qanunsuz hərəkətləri, mənim Bakı İstintaq Təcridxanasına geri qaytarılmağımla bağlı məhkəmə qərarını icra etməməsidir. Bakı Ağır Cinayətlər Məhkəməsi vəkilim Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edərək Penitensiar Xidmətə göndərib. Ancaq qərarın üzərindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, Penitensiar Xidmətin rəhbərliyi mənim köçürülməyimi təmin etmir. Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır, özünü məhkəmədən üstün tutur.

Bundan əvvəl keçirdiyim 9 günlük aclıq aksiyasını dayandırmağımın əsas səbəbi mənə dəstək olaraq aclıq aksiyasına başlayan əzizlərim, həbsdə olan qadın həmkarlarımın sağlamlığından ciddi şəkildə narahat olmağımdır. Üstəlik saxlanıldığım Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin rəisi Rauf Nəbiyev də PX rəhbərliyi adından dəfələrlə söz verib ki, iyulun 12-nə qədər BİT-ə köçürüləcəyəm. Ancaq nəticə ortadadır.

Həmin tarix keçdi, köçürülmədim. Sonra yenə “bu gün-sabah” deyə-deyə vəd olunan tarixdən əlavə 8 gün də gözlədim. Bu müddət ərzində azı 3 dəfə Bakı İstintaq Təcridxanasına məhbus köçürməsi olub, amma məni geri qaytarmayıblar.

Bakı İstintaq Təcridxanasına məsafə 10 km, Umbakı həbsxanasına isə 55-60 km-dir. Bu, mənim ailə üzvlərimlə, 3 yaşlı övladımda, vəkillərimlə görüşmək üçün ciddi problemlər yaradır. Üstəlik burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Buna görə övladımla ümumiyyətlə görüşə bilmirəm.

Dəfələrlə bu problemləri həbsxana rəhbərliyinə çatdırsam da, onlar bildiriblər ki, məhbusların köçürülməsi məsələsinə Penitensiar Xidmət baxır və problem onlara məruzə edilib.

Görünür, bu özbaşınalıq qisas xarakterlidir və Penitensiar Xidmət rəhbərliyinin məqsədli hərəkətidir.

Düşünürəm ki, bu, bizim çıxışlarımıza, yazılarımıza görə edilir. Burada təqsirləndirilən şəxslər pis şəraitdə saxlanılır, qeyri-insani rəftar və ən qatı cinayətkarlara aid edilən münasibət göstərilir. Bəlkə bunları da kənara qoymaq olar. Amma ən vacib məsələ Penitensiar Xidmətin qanunsuzluğu və bundan ailə üzvlərimin əziyyət çəkməsidir.

Yuxarıda yazdığım səbəblərdən müddətsiz aclıq aksiyasına başlayıram və məhkəmə qərarı ilə saxlanılmalı olduğum qaytarılmayana qədər nə olursa-olsun, dayandırmayacağam. Başıma hər hansısa hadisə gəlsə, məsuliyyəti birbaşa Penitensiar Xidmət rəisi, Ədliyyə nazirinin müavini, General Mirsaleh Seyidovun və bizim həbsimizin qərarını verən Prezident İlham Əliyevin üzərindədir.

Əziz dostlarım, qadın həmkarlarımdan xahiş edirəm ki, onlar bu aclıq aksiyasına qoşulmasınlar. Çünki onların başına hansısa hadisə gəlməsindən və sağlamlıqlarına ziyan dəyməyindən son dərəcə narahatam.

Bir daha Penitensiar Xidmət rəhbərliyindən ictimai şəkildə tələb edirəm ki, qisas əməllərindən əl çəksinlər və məni Bakı İstintaq Təcridxanasına qaytarsınlar. Dəstək olan hər kəsə əvvəlcədən sonsuz təşəkkür edirəm!

Ülvi Həsənli, 20 iyul 2025-ci il

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun