Afiəddin Məmmədov həbsxanada dözülməz şəraitdən şikayət edir

Afiəddin Məmmədov həbsxanada dözülməz şəraitdən şikayət edir Foto: Meydan TV
21 Avqust 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində ağır və dözülməz şəraitdə qaldığı bildirilir.

Bu barədə “Abzas Media”ya onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, verilən vədlərə baxmayaraq saxlanılma şəraitində heç bir yaxşılaşma yoxdur və bu, Məmmədovun psixoloji durumunu daha da pisləşdirib.

Yaxınları deyir ki, o, baş verənləri danışmaq istədikdə telefon danışıqları dəfələrlə yarımçıq kəsilib, nəticədə Məmmədov vəziyyətini tam çatdıra bilməyib.

Afiəddin Məmmədov yanvarın 14-də 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2023-cü il sentyabrın 20-də tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq yenidən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə irəli sürülüb.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasında həbslər 2023-cü ilin avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra başlayıb.

Əvvəlcə “İşçi Masası”nın sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası verilib.

Avqustun 4-də Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev, avqustun 10-da “İşçi Masası”nın İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar.

Hərəkatın digər üzvü Möhyəddin Orucov isə 2023-cü ilin oktyabrında inzibati pozuntuda ittiham olunaraq 30 sutka azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan qısa müddət sonra isə narkotiklərin dövriyyəsində ittiham olunaraq yenidən həbs olunub.

Yerli hüquq müdafiəçiləri onların siyasi məhbus olduğunu elan ediblər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun