Jurnalistləri Müdafiə Komitəsi (CPJ) avqustun 12-də “Abzas Media işi” üzrə keçirilən apellyasiya məhkəməsinin hazırlıq iclası zamanı jurnalistlərə qarşı zorakılıq tətbiq olunmasını pisləyib.
Təşkilat bəyan edib ki, jurnalistlərə bəraət verilməli və onlar dərhal azadlığa buraxılmalıdır.
Bakı Apellyasiya Məhkəməsində Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən məhkəmədə Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova məhkəmə zalının uzaq küncündə şüşə arxasında saxlanılıblar.
Prosesdə mikrofonlar işləmədiyi üçün onlar vəkillərin nə dediyini eşitmədiklərinə görə etiraz ediblər və hakim onların məhkəmə zalından çıxarılmasını istəyib.
Bu zaman Penitensiar Xidmətin əməkdaşları onlara zorakılıq edib, itələyiblər.
***
Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.