Avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
“Oxu .az”ın məlumatına görə, vəkil Elçin Sadıqov məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini və müvəkkilinə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Lakin məhkəmə bu vəsatəti təmin etməyib və işin məhkəmə baxışına göndərilməsi barədə qərar qəbul olunub.
Növbəti iclas 3 sentyabr tarixinə təyin olunub.
Əhməd Məmmədli bu ilin mayında saxlanılıb. O, taksidə mübahisə etdiyi şəxsi bıçaqlamaqda ittiham olunur. Ancaq Məmmədli ittihamları rədd edir və şərləndiyini bildirir. Onun yaxınları deyirlər ki, Əhməd Məmmədli həbsdə olan siyasətçi Tofiq Yaqublunun məhkəməsindən çəkiliş etdikdən sonra həbs edilib.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 375 siyasi məhbus var. Hökumət nümayəndləri isə bu iddiaları rədd edir və həbs olunanların konkret əməllərə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.